"Mən hələ də ondan zəng gözləyirəm..." - Şəhid xanımı

 17:05 27.09.2024     441

"İnanın ki, mənəvi olaraq özümüzü bir gün də olsun Camalsız hiss etməmişik. Ailəsinə qədər sevgi verib ki, bir ömür bəs edər. Biz hələ də həminki gündəyik. Yəni eyni həyəcandayıq, eyni stress keçiririk". 

Bu sözləri Redaktor.az-a Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova dedi. 

"Camal kimi qəhrəman bir şəhidin həyat yoldaşı olmaqdan qürur duyuram. Sadəcə çətinlik çəkdiyim tək məqam övladlarının suallarına cavab verə bilməməyimdir. Onun suallarının qarşısında çox acizəm. Soruşur ki, atam nə vaxt gələcək, cavab verə bilmirəm. Bu bir ana üçün çətindir. Hələ ki, oğlum Alparslan məni yaralayır. Çünki o, atası şəhid olandan sonra dünyaya gəlib və bir-birlərini görməyiblər. Alparslanın adı atasının arzusuna uyğun olaraq qoyulub. Buna naşükürlük də edə bilmərəm. Allahın yazısıdır. İnşallah ki, Camal kimi mən də öz missiyamı gözəl bir şəkildə sonlandıraram. Övladlarımı da layiqli şəkildə, dövlətə yararlı insan olaraq böyüdərəm".

Fatimə xanım deyir ki, Camal İsmayılov işini sevən, peşəkar olub. Şəhidimiz həm də onunla vuruşan dostlarına çox bağlı olub:

"11 il ailəli qaldığımız müddətdə buna həmişə hazır olmuşam. Çünki xüsusi tapşırıqlarda, çətin əməliyyatlarda olurdular. Biz artıq bu vəziyyətə alışırdıq ki, o qayıtmaya bilər. Camal məni də, övladlarını da o şəkildə yetişdirirdi. Biz bu şoku aprel döyüşlərində yaşadıq. Camalla həmin vaxtda əlaqə saxlaya bilmirdik. Ancaq o, geri gələndə sağ gəldiyinə sevinə bilmirdi, çünki dostları şəhid olmuşdu. O, bir növ onlarla nəfəs alırdı. Biz də artıq hiss etmişdik ki, 44 günlük müharibədə Camal sağ gəlsə belə dərddən pis günə düşəcək".

Fatimə İsamyılova qeyd etdi ki, Camal uşaqların qəbir üstünə gəlməmələrini vəsiyyət edib.

"Camal şəhid olanda birinin doqquz, birinin 11 yaşı var idi. Camalın vəsiyyətinə uyğun olaraq iki il mən onları aparmadım. O, bunu hiss etdiyindən, bizə hər dəfə vəsiyyət edirdi. Camal qızlarına qarşı çox gözəl ata olub. Qızlarım da atalarına çox bağlı idi. İndi də onları hələ toparlaya bilməmişik. Bu acını dünənki kimi hiss edirlər. Bizim üçün sadəcə rəqəmlər dəyişib, yaş artıb. Hisslərimiz isə dəyişməz olaraq qalır. Mən hələ də ondan zən gözləyirəm. Bəzən inana bilmirəm". 

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurub. 2009-cu ildə Əsmətxanım, 2011-ci ildə Əsnad, 2021-ci il fevralın 12-də onun oğlu Alparslan dünyaya gəlib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri və Qrup Komandiri olan Camal İsmayılov 2016-cı il Aprel döyüşlərində iştirak edib. Daha sonra 2020-ci il Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə hakim yüksəkliyin alınmasında böyük qəhrəmanlıqlar göstərib.

Camal və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olub. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətindəki əlverişli mövqelər uğrunda aparılıb. Camalın şəhidliyi oktyabrın 21-də - anasının doğum günündə təsdiqlənib. Oktyabrın 23-də Neftçala şəhərində dəfn edilib.

O, şəhid olmasından sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

Türkan İSGƏNDƏRLİ

2222