Bakıda 200 metrlik avtobus zolağı ləğv edildi - Sürücülərin NƏZƏRİNƏ
Bakıda, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində avtobus zolağı ləğv olunub.
Redaktor.az xəbər verir ki, bu barədə yoldan istifadə edən sürücülərdən biri Baku.ws-in "qaynar xətti"nə müraciət edib.
Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər. Bu, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edir və müəyyən yerlərdə sıxlığa səbəb olur.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azadlıq prospektində Məmməd Araz küçəsi ilə kəsişməyədək avtobus zolaqlarının 200 metrlik hissəsi ləğv edilib. Həmin ərazidə iki zolaq sola və iki zolaq düzünə hərəkət təşkil olunub.