Motosiklet sürücüləri hansı qaydaları bilməlidirlər? - AÇIQLAMA

 14:48 02.10.2024     218

Bəzən motosiklet, moped, skuter kimi nəqliyyat vasitələrinin sürücüləri ötmə əməliyyatını düzgün yerinə yetirmirlər deyə avtomobil sürücülərinə qəza şəraiti yaradırlar. 

Bəs motosiklet və bu kimi nəqliyyat vasitələrindən istifadə edənlər hansı qaydalara əməl etməlidirlər?

Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, bəzi sürücülər şəhərin içində, magistral yollarda bu cür nəqliyyat vasitələrinin necə idarə olunmasını bilmirlər:

"Vaxtılə Bakı şəhərində motosiklet həm nəqliyyat vasitəsi kimi, həm də idman növü kimi populyar olub. Lakin müəyyən vaxtdan sonra yüngül mühərrikli texniki nəqliyyat vasitəsinə maraq azalmışdı. İndi daşınma şirkətlərinin artması ilə motosiklet, moped, skuterlərdən istifadə edənlərin sayı artıb. 

Bilmək lazımdır ki, belə nəqliyyat vasitələrini idarə edərkən sutkanın bütün saatlarında onların ön və arxa qabarit işıqları mütləq yanılı olmalıdır. Motosikletlər yolun istənilən tərəfi ilə hərəkət edə bilər, ancaq mopedlər və skuterlər avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidirlər. Azərbaycanda yol hərəkəti qaydalarına görə, nəqliyyat vasitəsi ötmə əməliyyatını soldan etməli və dönmə işıqlarından isitifadə etməlidir". 

Nəqliyyat eksperti onu da qeyd etdi ki, sürücülər motosiklet sürən vətəndaşlara qarşı diqqətli olmalı, onları sıxışdırmamalıdırlar. İmkan verməlidirlər ki, onlar rahatlıqla manevrlərini tamamlasınlar.

Sevinc İBRAHİMZADƏ