"Avtobus zolaqlarının çoxaldılması yanlış addımdır" - Ekspert

 16:46 02.10.2024     440

Bakıda sürücülərin əksəriyyəti avtobus zolaqlarının çoxluğundan, eləcə də genişliyindən narazılıq edirlər. Deyirlər ki, paytaxtda avtobusdan çox, avtobus zolağı var, üstəlik hər gün bir yol daraldılır. Bu da digər nəqliyyat vasitələrinin hərəkətlnə maneə törədir, yollarda saatlar sürən tıxacların yaranmasına səbəb olur. Hərçənd atılan bu addımlar əhalinin çox hissəsini ictimai nəqliyyatdan istifadəyə yönəltməli olsa da, avtobusların intervallarının çox olması bu problemi kökündən həll edə bilmir.

Bəs yolların avtobus zolaqlarına görə daraldılması nə dərəcədə səmərəli addımdır?

Bu barədə nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, şəhərin daxilində hansısa xüsusi ayrılmış yolların olması mümkün olan haldır, ancaq burada hesablamalar aparılmalıdır:

"Bunu xaotik şəraitdə necə gəldi etmək, təbii ki, nəqliyyatın intensiv təşkili baxımından çox ciddi fəsadlara gətirib çıxarır. Dünyanın böyük şəhərlərində də avtobus zolaqları var, amma bu, daha çox şəhərə giriş hissədə qoyulur. Şəhərin daxilində kiçik, dar hissələrlə olan nəqliyyat yollarında belə bir enli zolaqların xüsusiləşdirilməsi halını biz müşahidə etməmişik. Dünyanın çox ölkələrində, böyük şəhərlərində velosipedlər üçün səkilərdə ayrıca zolaqlar ayrılıb. Məsələn, Brüsseldə, İsveçdə, Stokholmda, Ankarada, İstanbulda velosiped zolaqları piyadaların hərəkət etdiyi səkidə quraşdırılıb və bunun üçün balaca bir zolaq yetərlidir".

Avtobus parklarının yenilənməsinə çox ciddi ehtiyac var- EKSPERT

Ekspert şəhər yollarının zolaqlanmasının ayrı-ayrı nəqliyyat vasitələrinin hərəkətinə kifayət qədər ciddi problem yaratdığını istisna etmədi:

"Tbilisi prospektində, təxminən Avropa otelinə qədər olan hissədə yolun sağında, solunda elə bir avtobus zolağı ayırıblar ki, o zolaq demək olar ki, az qala digər nəqliyyat vasitələri üçün ayrılan zolaqlar qədərdir. Şəhərin Quba və Sumqayıt istiqamətindən gələn ərazisində onsuz da bir problem var idi, hər gün vətəndaşlar dəhşətli tıxacla rastlaşırdı. İndi həmin o zolaqlar quraşdırılandan sonra Tbilisi prospektində nəqliyyatın intensivliyinin pozulması bütövlükdə Bakı-Sumqayıt yolunu artıq iflic vəziyyətinə gətirib. Demək olar, səhər saat 6-dan günün birinci yarısına qədər həmin istiqamətdə nəqliyyatın hərəkəti dəhşətli tıxacla müşahidə olunur. Belə bir dinamik yolda yeni yol ayırıcılarının quraşdırılması bir kənara, mövcud olan zolaqların sayının azaldılıb, avtobuslara verilməsi yanlış bir məsələdir.

Onsuz da Beynəlxalq Avtovağzaldan "Şamaxinka" dediyimiz əraziyə qədər bu avtobus zolaqlarının mahiyyəti itib, həmin ərazidə sürətlə hərəkət intensivliyi yoxdur. Yenidən 20 Yanvar dairəsindən Tbilisi prospektində Avropa otelinə qədər ayrıca bir avtobus zolağının verilməsi ciddi problemdir. Bu məsələyə yenidən baxılmalıdır".

İlqar Hüseynli qeyd etdi ki, avtobus zolaqları ilə bağlı cərimələr də kifayət qədər dəhşətlidir.

"Təsadüfən təkərin bir hissəsi avtobus yoluna çıxsa, kameraya düşür və 100 manat cərimə edilir. Bu da vətəndaşları xeyli çıxılmaz duruma salıb", - deyə ekspert bildirdi.

Sevinc İBRAHİMZADƏ