Elektrikli avtobuslar ekologiya üçün vacibdir, amma... - Ekspertlərdən vacib TƏKLİFLƏR

 15:56 04.10.2024     980

Hələ bu ilin avqust ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilmişdi ki, Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub.

Lakin bu gün həmin avtobuslardan neçəsinin gətirildiyi və hansı ərazilərdə fəaliyyət göstərmələri ilə bağlı AYNA-dan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu barədə məlumat olanda təqdim ediləcək. 

Elə isə biz də elektrikli avtobusların üstünlüklərindən danışaq.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Redaktor.az-a açıqlamasında söylədi ki, elektriklə işləyən avtobusların müsbət tərəfi ekologiyaya minimum təsirinin olmasıdır və belə avtobuslar buna qədər olan trendin davamı kimidir:

"Bundan öncə - 2015-ci ildən təbii sıxılmış qazla olan avtobusların Bakının avtoparkında daha çox olması müşahidə edilirdisə, indi son illərin trendi daha çox elektromobillərin, elektrobusların gətirilməsi ilə bağlıdır. Çox güman ki, yaxın illərdə dizellə işləyən avtobusların, ümumiyyətlə, xətdən çıxarılması nəzərdə tutulur. Bunu da həmçinin ekoloji cəhətdən təmiz olan növlərin də çeşidlənməsi kimi dəyərləndirə bilərik. Yəni iki növ avtobusları müşahidə edirik: təbii sıxılmış qazla işləyən və yeni xəttə buraxılacaq elektrobuslar. Buna uyğun olaraq elektrik elektrobusların dolduruma məntəqələri şəhərin müxtəlif yerlərində təmin olunacaq və beləliklə, yenilənmiş bir avtoparka sahib olacağıq. Elektrikli avtobusların əsas müsbət tərəfi budur".

Mütəxəssis vurğuladı ki, mobillik baxımından biz avtobusun yükünü azaltmalıyıq və avtobus daşıyıcılarının maliyyə dayanıqlığını təmin etməliyik, hər kilometrə görə dövlət subsidiyası olmalıdır:

"Həmçinin avtobus dayanacaqlarına gələn səkilərimizi abad etməliyik ki, əgər biz insanları ictimai nəqliyyatla hərəkətə cəlb ediriksə, dayanacaqlarda bariyerlər olmamalıdır, səkilər rəvan olmalıdır. Piyadanın üstünlüyünü təmin edən bütün girişlər səki səviyyəsinə qaldırılmalıdır, küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün qısa keçidlər təmin olunmalıdır. Yəni eyni səviyyəli zebra ilə, işıqforla təmin olunmuş və iki zolaqdan artıq qısa təhlükəsizlik adacığı ilə təmin olunmuş keçid təmin olunmalıdır. Şəhərdə, ümumiyyətlə yeraltı yerüstü keçid praktikasına son qoyulmalıdır. Həmçinin bir keçid etmək üçün 600 metr yox, 200-250 metrdən bir keçid təmin olunmalıdır ki, şəhər sakinlərinə rahat olsun və küçənin bir tərəfindən digər tərəfinə keçib səfərlərinə davam etsinlər".

Rauf Ağamirzəyevin sözlərinə görə, naviqasiya məsələləri də həll olunmalıdır ki, bu avtobuslarla getmək rahat olsun:

"Artıq dayanacaqlardan keçəcək avtobusların həm nömrəsi, həm də avtobusun getdiyi trayektoriya üzrə dayanacaqların da adı qeyd olunacaq ki, vətəndaş avtobusun hara gedəcəyi barədə məlumatlı olsun. Bunun həm fiziki olaraq dayanacaqda olması mütləqdir, həm də müasir tətbiqlər üzərindən izlənməlidir. Digər önəmli məqam da avtobusun yükünün azaldılması, digər növlərin inkişaf etdirilməsidir. Yəni əsas şəhərin mobilliyini təmin edən növ relsli nəqliyyatdır ki, eyni anda daha çox sərnişin daşıyır və daha uzun müddət xidmət göstərir".

Ekoloq Qorxmaz İbrahimli isə elektrikli avtobusların ölkəmizə gətirilməsinin ətraf mühitin qorunmasına təsiri barədə bildirdi ki, Azərbaycanın şəhərlərində hava çirkliliyi səviyyəsi elə qorxulu deyil:

"Azərbaycanda hava kirliliyi başqa ölkələrdən, məsələn, Çinin böyük şəhərlərindən, Hindistandan, Rusiyanın bəzi sənaye şəhərlərindən, İstanbuldan və bəzi başqa şəhərlərdən fərqli olaraq, kritik həddə deyil. Bizdə heç çox avtomobil də yoxdur, düzdür, köhnə avtomobillər də yavaş-yavaş təşviqatla, maarifləndirməklə hibrid və elektrik avtomobillərə keçir. Elektrikli avtobusların gətirilməsi yaxşıdır. Hərçənd qazla işləyən avtobuslar hələ istismar müddütəini bitirməmiş dövlətin vəsaiti hesabına alınmışdı, indi də dövlətin hesabına yeni avtobuslar gətiriləcək. Amma bunların birinci növbədə Azərbaycanda servisi yaranmalıdır. Necə ki, elektromobillərin çoxu maşın qəbiristanlıqlarında qalıb, çünki servis yoxdur və yaxud da olduqca köhnədirlər. Elektrikli maşın və texnikanın çevrəyə faydası var. Sadəcə onun da istehsalında yenə də atmosferə tullantı gedir. Nə etsən də, bunun qarşısını ala bilməzsən".

Ekoloq Azərbaycanda yaşıl enerjinin təbliğ olunmasından da danışdı:

"Mən bu təbliğatı alqışlayıram, insanlarımıza velosiped minməyi öyrətmək lazımdır. İsveçdə hətta baş nazir belə velosipedlə işə gedir, Hollandiyada da belədir. Ümumiyyətlə, Avropanın bir çox ölkələrində prezidentlər, baş nazirlər belə velosipedlə işə gedib-gəlirlər. Bunu təbliğ eləmək lazımdır, çünki həm də məsrəfli maşınlardan qurtulursan. Bakı şəhərindəki bu tıxac insanlarımızı öldürür. Əfsus ki, Azərbaycanda, xüsusən Bakıda maşın sürmək mədəniyyəti çox aşağıdır, insanlar çox əsəbidirlər, bu baxımdan velosiped sürmək onlara çətin ola bilər. Yenə də ümid edirəm ki, nazirliklər tərəfindən bu məsələlərin öhdəsindən gəlinəcək", - deyə Q.İbrahimli bildirdi.

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2