İnternetin sürəti ilə bağlı problemlərə RƏSMİ CAVAB

 13:39 04.10.2024     188

Bakının bir çox yerində internetin sürəti ilə bağlı vətəndaşlar şikayət edirlər. Onlar bildirirlər ki, vəd edilən internetin heç yarısını belə almırlar. Bununla bağlı narazılıqlarını provayder şirkətlərinə dedikdə problemin həllini modemin dəyişilməsində görürlər. Lakin əksər vətəndaşların modemin zəif olması ilə bağlı şikayəti maraq doğurur. 

Bəs nə üçün vətəndaşlar vəd edilən sürətdən yararlana bilmirlər? Bu qədər şəxsin hamısının mənzilində modemin yararsız hesab edilməsi nə qədər düzgündür?

Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Mətbuat Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, internetin sürətinin aşağı olması bir neçə səbəbdən ola bilər:

"Belə ki, bu problem həm təchizatçı olan internet servis provayderindən, həmçinin abunəçinin özündən qaynaqlana bilər. İSP-nin istifadə etdiyi şəbəkə avadanlığı və kabellər keyfiyyət standartlarına uyğun olmazsa, yaxud istismara yararsız olarsa, eyni zamanda istismar müddətini başa vurarsa, abunəçiyə təqdim edilən internetin sürətinə birbaşa təsir edir.

Tənzimləyici orqan olaraq vətəndaşlardan ölkə daxilində uyğunluq sertifikatı olmayan avadanlıqların satışı və istifadəsi hallarının mövcudluğundan da narahatıq və vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırırıq.

Uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur. Xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür ki, bu da keyfiyyətsiz internet xidmətinin əsas səbəblərindən biridir.

Vətəndaşlarımızdan xahiş edirik ki, istifadə etdikləri avadanlıqların sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələlərdə daha diqqətli olsunlar, avadanlıq alarkən, provayderlər tərəfindən modemlər quraşdırılarkən ilk növbədə avadanlığın uyğunluq sertifikatını tələb etsinlər, uyğunluq sertifikatı olmayan avadanlıqların istifadəsindən çəkinsinlər. Uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələri və qurğuları ilə xidmət təklifi halları ilə raslaşdıqda isə bu barədə aidiyyəti üzrə tənzimləyici quruma (e-poçt: [email protected]) məlumat versinlər".

Agentlikdən qeyd edilib ki, internet istifadəçisi istifadə etdiyi router, yaxud modemin standartlara uyğun istismar olunmasına, həmin cihazların mənzildə düzgün yerləşdirilməsinə, onların düzgün sazlanmasına diqqət yetirməlidir:

"Mənzilin, yaxud evin divarının qalınlığı, həmin məkanda olan və internet qurğuları ilə eyni tezlikdə işləyən qurğuların fəaliyyəti də internetin sürətinə birbaşa təsir edən amillərdəndir. Yüksək sürət əldə etmək istəyən abunəçi router-ində mütləq  5Ghz tezlik zolağından istifadə imkanlarını aktivləşdirməli, modem 5 Ghz-i dəstəkləmirsə, yeni modem əldə etməlidir. Bizdə olan məlumata əsasən, əksər provayderlər tərəfindən GPON texnologiyası üçün istifadə olunan modemlər həm 2,4 və 5 Ghz tezlikləri dəstəkləyir. Bir çox hallarda isə 5 Ghz tezlik zolağından istifadə aktivləşdirilməmiş qalır. Bu sazlamanı aparmaq lazımdır.

Təbii ki, internetin sürəti ilə bağlı yaranan çətinliklərin bütün mümkün mənbələri araşdırılmalı və həmin nasazlığın aradan qaldırılması istiqamətində addım atılmalıdır".

Qurumdan verilən məlumata görə, internetin keyfiyyəti ilə bağlı müraciətlər telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) də  daxil olur və bu hal hallar kütləvi xarakter daşımır:

"Bütün müraciətlər kimi bu kateqoriya müraciətlər də agentlikdə həsssaslıqla araşdırılır. Agentliyin apardığı monitorinq və araşdırmaların nəticəsində bu tip problemlərin kütləvi deyil, fərdi xarakter daşıdığını demək olar.

Ölkəmizdə 2,1 mln. sabit internet və 10,1 mln. mobil internet istifadəçisi vardır, təbii ki, xidmət keyfiyyəti hamını eyni səviyyədə qane edə bilməz. Hər şeydən öncə bu, operatorlar üçün istehsalat prosesidir və müxtəlif vaxtlarda arzuolunan olmasa da, xidmət keyfiyyətinə təsir edə biləcək hallar ola bilir. Xidmət keyfiyyətinin yüksək olması ilk olaraq operator və provayderin öz marağında olmalıdır, çünki istehlakçı keyfiyyətə üstünlük verir. Keyfiyyət qane etmədiyi halda asanlıqla başqa operator və provayderə keçid edə bilərlər. Bu kimi məsələlər, bazarın özü-özünü tənzimləməsi məsələsidir və qurumumuz tərəfindən də müşahidələr aparılmaqdadır".

İKTA-dan bildirilib ki, ölkəmizdə internetin sürəti ilə bağlı göstəricini yüksək qiymətləndirmək lazımdır:

"Beynəlxalq reytinq göstəriciləri də bunu təsdiq edir. Belə ki, “Okla” şirkəti tərəfindən hər ay “Speedtest Global Index” hesabatı açıqlanır. Hesabatın 2024-cü il sentyabr sayında qeyd edilir ki, bu ilin avqustunda əvvəlki ayla müqayisədə Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 5 pillə irəliləyərək 45,47 Mb/s median göstərici ilə 161 dövlət arasında 104-cü, mobil internetin sürətinə görə isə 4 pillə yüksələrək 55,14 Mb/s median göstərici ilə 111 ölkə arasında 45-ci yerdə qərarlaşıb. Bu ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 16,74 Mb/s, yaxud 58,43% artıb. Mobil internetdə isə bu göstərici 12,2 Mb/s və ya 28,41% artım olaraq qeyd olunur. Bu hesabat bir daha ölkədə internetin keyfiyyətinin artdığını göstərir. Xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün keyfiyyətlə bağlı ümumi tələblər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” ilə müəyyən edilib. Uçota alınmış internet xidmət provayderləri tərəfindən rüblük olaraq xidmət keyfiyyəti göstəriciləri haqda hesabatlarını verirlər. Tənzimləyici qurum olaraq İKTA bu istiqamətdə monitorinq və müşahidələrini davam etdirir.

İKTA olaraq vətəndaşlara müraciət edərək bildiririk ki, telekommunikasiya və poçt (karqo) rabitəsi sahələrində qarşılaşdıqları çətinliklərlə bağlı “E-Şikayət” (https://e-complaint.az) sisteminə müraciət etsinlər. “E-Şikayət” sistemi yarandığı gündən bu vaxta qədər qeyd edilən xidmət sahələri ilə bağlı 2600-ə yaxın müraciət daxil olub".

Sevinc İBRAHİMZADƏ