Bakıda bina əlindən nəfəs almaq olmur - İndi də Yasamal gölünün ətrafı...

 18:42 04.10.2024     5232

Yasamal gölünün ətrafında boş qalan ərazidə binaların tikiləcəyi ilə bağlı söyləntilər var. Ümumiyyətlə, söhbət təkcə sözügedən ərazidən getmir. Çünki Bakının elə yeri qalmayıb ki, orada hündürmərtəbəli binalar inşa edilməsin. 

Bəs şəhərdə bu qədər binanın olması nə qədər düzgündür?

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Yasamal gölü, əslində, qrunt sularından meydana çıxmış çirkli su yığınıdır. Amma bütün hallarda bu cür ərazilərin abadlaşdırılmasına, orada yığılan suların ekoloji baxımdan normal vəziyyətə gətirilməsinə ehtiyac var:

Ramil Osmanlı - günün əsas xəbərləri və mövzu ilə bağlı əsas hadisələr -  Sputnik Azərbaycan

"Ətrafında gedən tikinti ilə bağlı isə razıyam ki, Yeni Yasamal dediyimiz ərazi, xüsusilə Bakı dairəvi yolunun yaxınlığındakı hissələr çox yükləndi və bu gün də bu proses davam etməkdədir. Amma təbii ki, şəhərsalmanın ötən illərdə yanlış istiqamətdə davam etməsi paytaxtın mərkəzə yaxın olan hissələrin normadan artıq yüklənməsinə gətirib çıxardı. Burada investorların yanaşmasını da nəzərə almaq lazımdır. Bəzi hallarda tikinti şirkəti mərkəzdən kənarda, ucqar ərazilərdə mənzil tikintisini qəbul etmir və yaxud məqbul hesab etmir. Gəlirlilik cəhətdən düşünülür ki, bura müəyyən vəsait sərf edəcək, amma mənfəət marjası aşağıdı, eyni zamanda tez satılmayacaq və uzun müddət mənzillərin satışı problemi yaşayacaq. Ona görə də uzunmüddətli dövr üçün az mənfəət marjası ilə bu cür işlərə tikinti şirkətlərinin çoxu getmək istəmir.

Məsələn, Emin Ağalarovun "Sea Breeze" yaşayış massivini götürsək, o da ərazi baxımından paytaxtdan kənardadır, ancaq bu investisiya proqramının özünəməxsus xüsusiyyətləri var. Təbii ki, bu cür investisiya proqramlarını icra etmək bütün investorların, tikinti adamlarının imkanı səviyyəsində deyil. Amma o layihə sübut etdi ki, paytaxtdan kənar, şəhərə müəyyən qədər məsafə olan ərazilərdə də normal layihələr icra edib, yaxşı pul qazanmaq olar".

Ramil Osmanlı qeyd etdi ki, bütün hallarda şəhərsalmanın daha mərkəzdən kənarlaşdırılmasına ehtiyac var:

"Burada dövlət-özəl əməkdaşlığı çərçivəsində müəyyən addımların atılması zəruridir. Məsələn, infrastrukturun yaradılması baxımından məktəblər, uşaq bağçaları, ictimai obyektlər və s. ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində bu addımlar atılmalıdır ki, tikinti şirkətləri də bu proqramların icrasında maraqlı olsun. Ümumiyyətlə, müzakirə aparılası, təhlil ediləsi istiqamətlərimiz həddən artıq çoxdur. Amma düşünürəm ki, mövcud reallıqları da, şərtləri də nəzərə almaq lazımdır. Təbii ki, heç kim, o cümlədən də dövlət investoru məcbur edə bilməz ki, mütləq Yeni Yasamalda, yaxud Qalada, ya da məhz filan yerdə mənzil tikməlisən. İnvestor pul xərcləyən tərəf olaraq, əsas kapital sahibi olaraq yatırımçı kimi bundan imtina edərsə, bir qədər də şəhərsalmanı ləngidər".

Ekspertin sözlərinə görə, mənzilə olan tələbatımız yüksəkdir:

"Təəssüflər olsun ki, tikinti qaydalarımız son illərdə bir qədər ağırlaşıb və bu, ümumilikdə mənzil qiymətinin kəskin artımına gətirib çıxarıb. Bütün hallarda Azərbaycanda mənzilə tələbat həddən artıq yüksəkdir və bu mənada mənzil tikintisinin dayandırılması nəinki bu tələbatın daha da artmasına gətirib çıxara bilər, eyni zamanda, nəzərə almaq lazımdır ki, mənzil tikintisi iqtisadiyyatın qeyri-neft sektoru kimi inkişaf etmiş sahələrindən biridir. Burada xeyli sayda insanlar işləyir, əmək haqqı alır və bu baxımdan da bu sahə hökumətə vacibdir".

Sevinc İBRAHİMZADƏ