Broyler toyuqlarından gələn xəstəliklər... - Ekspert: "İnsanın qidalanması üçün təhlükə mənbəyi yetişdirilir"

 17:46 04.10.2024     1767

"Bizim broylerlərdən alıb yediklərimiz, həqiqətən də, toyuqdur, yoxsa yox? Mən dəfələrlə demişəm ki, bu gün broylerlər istehlakçılarımıza toyuq əvəzinə şiş satırlar".

Bu fikirləri qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında marketlərdə satılan broyler toyuqlarının ziyanları barəsində danışarkən söylədi.

O, bu cür toyuqların böyümə şəraitindən də bəhs etdi:

"Bu toyuqlar 4-5 həftəyə tam hərəkətsiz formada böyüyürlər. Amma nəzərə alsaq ki, açıq hava şəraitində təbii yolla 14-16 həftəyə cücənin toyuq olmaq müddəti vardır. Həmin broyler toyuqlarının yaşamına və böyümə tərzinə baxsaq, görərik ki, insanın qidalanması üçün sözün əsl mənasında təhlükə mənbəyi yetişdirilir. Digər tərəfdən, həmin toyuqların yemlənmə prosesinə baxsaq, onların saxlanma şəraitinə monitorinqlər təşkil olunsa, görərlər ki, həmin toyuqlar tam hərəkətsiz vəziyyətdə, robotlaşmış bir formada yalnız yem yeyib dayanırlar. Burada insanın qidalanması üçün heç bir təbii vasitədən söhbət gedə bilməz".

İlkin Şirinov broyler toyuqlarının qidalanma prosesindən də danışdı:

"Həmin toyuqların yemləmə prosesində xüsusi kimyəvi qatqılardan, hormonal dərmanlardan, müxtəlif kimyəvi qarışıqlardan istifadə olunur. Bu da birbaşa insanların ürək-damar çatışmazlığından, xərçəngdən, şişdən, süd vəzi xəstəliklərindən əziyyət çəkməsinə gətirib çıxarır. Hazırda insan faktoru keçib ikinci plana, ön planda kəmiyyət və işbazların əldə edəcəyi qazanclar əsas götürülür. Qida ekspertlərinin dəfələrlə həyəcan təbili çalmasına baxmayaraq, günümüzdə broylerlərdə heç bir monitorinqlər təşkil olunmur. Həmin broylerlərə heç toyuq da demək olmaz, onlar 1 kq 200 q - 1 kq 300 q olsalar da, cücədirlər".

Ekspert qeyd etdi ki, satış obyektlərində toyuğun döş ətinin baha qiymətə satılmasının da səbəbi var:

"Günümüzdə toyuğu şişirtməkdə məqsəd var. Həmin toyuq kəsim və doğramaya getdikdə onun döş ətinin çəkisinin çox olmasına üstünlük verirlər ki, qazanc daha yuxarı olsun. Bu gün çoxları broyler toyuğunu bişirmədən öncə qaynatmağın daha yaxşı olduğunu deyir, ancaq necə qaynatsaq, necə bişirsək də, bizim yediyimiz dərmandan və zəhərdən başqa bir şey deyil. Həmin toyuqları təbii şəraitdə yetişdirmək istəyiriksə, yetişdirmə broylerdən bir-iki ədədini aparaq, saxlayaq. Müəyyən bir müddət keçəcək, onların bel hissəsinə günəş şüası dəydikdən sonra öz-özünə balacalaşmağa başlayacaqlar. Açıq havada sağ qalmaq ehtimalı olsa belə, bədənlərindəki zəhərli maye çəkildikdən sonra 300-400 qram qala, ya qalmaya. Bu baxımdan mən bir daha deyirəm ki, broylerin hər birində monitorinqlərin aparılması mütləqdir".

Sevinc İBRAHİMZADƏ