Ticarət mərkəzlərində siqaret çəkənlər niyə cəzalandırılmır? - "Binə" və "Sədərək" "tüstülənir"

 17:46 07.10.2024     690

"Binə", "Sədərək" kimi iri ticarət mərkəzlərində siqaret çəkilməsi ilə bağlı qadağa olsada, həm satıcılar, həm də alıcılar rahatlıqla siqaret çəkirlər. Bunu elə yerlərdəki siqaret kötükləri də sübut edir. Məlum məsələdir ki, zaman-zaman siqaretdən qaynaqlanan yanğınlar da baş verib. 

Bəs bu cür ticarət mərkəzlərində nəzarət, təhlükəsizlik tədbirləri necə aparılmalıdır?

Mövzu ilə əlaqədar təhlükəsizlik eksperti Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, istər ticarət mərkəzləri, istər ictimai iaşə müəssisələri olsun, turizm sahələri, sənaye müəssisələri, bütün qəbildən olan obyektlərin hər birində yanğın təhlükəsizliyi məsələsi hər zaman ön planda olmalıdır. Onun sözlərinə görə, bu, həm obyektin yanğın təhlükəsizliyi baxımından, həm də orada çalışan insanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmasın deyə xüsusi qanunvericiliklə təsbit olunub:

"Burada əsas məsələlərdən biri də, ümumiyyətlə, açıq oddan istifadə etməməkdir. Açıq oddan istifadə etməyə lüzum yaranarsa, yanğın təhlükəsinə riayət olunmaqla bu işləri həyata keçirmək vacibdir. Siqaret kötüyünün söndürülmədən yerə atılması yanğın baş vermə riskini qaçılmaz edir. İş yerlərində də buna diqqət edilməlidir. Müəssisənin xidmətindən kənar şəxslər də istifadə edirsə, yəni orada xüsusi lövhələr, nişanlar qoyulmalıdır ki, açıq oddan istifadə etmək yanğın təhlükəsizliyi üçün yolverilməzdir. Bunun üçün yalnız xüsusi təyin olunmuş yerlər olmalıdır. Həmin təyin olunmuş yerlərdə siqaretin çəkilməsi və atılması təmin edilməlidir. Bu xüsusi qabların da içərisində müəyyən miqdarda su olur ki, külək vurub dağıdanda, qab aşanda yanğın baş verməsin".

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

Ekspert qeyd etdi ki, siqaret kötüyündən yanğınlar əmələ gəlir və vaxtında müdaxilə olunmazsa, dəhşətli faciələrə səbəb ola bilər:

"Nəzərə almaq lazımdır ki, bazarlarda, ticarət mərkəzlərindəki bütün avadanlıqlar, mal və məhsulların hər birinin xüsusi yanma təhlükəsi var. Orada siqaret kötüyünə düşən bir qığılcım böyük  yanğınlarla nəticələnə bilər".

Bəs ticarət mərkəzlərində siqaret çəkənlərə qarşıı hansı tədbirlər həyata keçirilir?

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nurlan Əliyev bildirdi ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır:

"İctimai yerlərdə, ticarət obyektlərində, bankomatların önündə, dayanacaqlarda, küçə və prosspektlərdə insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olmaqla siqaret çəkən şəxslər barədə İXM-nin 212-ci maddəsinə uyğun olaraq 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.
Əlavə olaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda görünən yerlərdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər barədə isə 1000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir".

Vilayət Eyvazov Nurlan Əliyevi rəis təyin etdi Ucnoqta.az

Nurlan Əliyev əlavə etdi ki, qeyd olunan maddəyə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılması da inzibati məsuliyyət yaradır. Bu qanun pozuntusuna yol verən şəxslər polis əməkdaşları tərəfindən aşkar edildikdə barələrində 50 manat məbləğində inzibati protokol tərtib edilir:

"Ümumiyyətlə bu halla bağlı kütləvi maarifləndirmə işi nəzərdə tutulan yerlərdə tütün məmulatlarından istifadə edilməsi ilə bağlı təbliğat tək polisin işi yox, hər birimizin işi və vəzifəsi olmalıdır. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu, digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Bununla bağlı vaxtaşırı maarifləndirmə işi aparılır və tövsiyə edilir ki, vətəndaşlarımız da bu prosesə qoşularaq qanuna müvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər".

Sevinc İBRAHİMZADƏ