"Bunların Üzeyir bəyin "Ər və arvad" əsərindən xəbərləri yoxdur? - Yazıçıdan deputatın təklifinə REAKSİYA

 16:27 08.10.2024     575

Xəbər verdiyimiz kimi, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı Azərbaycan qanunvericiliyində “ər-arvad” sözlərinin “həyat yoldaşı” ifadəsi ilə əvəz edilməsini təklif edib. Onun sözlərinə görə, cəmiyyətdə “ər-arvad” sözlərindən az istifadə edilir.

Məsələylə bağlı Redaktor.az-a danışan yazıçı Seyran Səxavət deputatın təklifinə qarşı çıxıb.

O, bəzi deputatların təkliflərinə təəccüb etdiyini bildirib:

“Bu təklifin cavabını bu xalqın yolunda min dəfə canını qurban vermiş Üzeyir Hacıbəyov verib. O, “həyat yoldaşı və həyat yoldaşı” adlı yox, “Ər və arvad” adlı əsər yazıb. Bunların işi-gücü qurtarıb, nə edəcəklərini bilmirlər. Hər yarağımız düzəlib, qalıb saqqal darağımız? Sadəcə ayıbdır. Bunların Üzeyir bəydən xəbərləri yoxdur?

Deputatın təklifindən belə çıxır ki, Üzeyir bəyin əsərinin adını dəyişib “həyat yoldaşı və həyat yoldaşı” qoymalıyıq. Bir danışanda fikirləşsinlər, sonra danışsınlar. Nə bilim vallah, bunları yaradana şükür. Bəzən elə təkliflər edirlər ki, sözün qurtaran yeri olur”.

Vasif ƏLİHÜSEYN