"Tüstü bacalarını təmizləyən heç bir qurum yoxdur" - Ekspertdən ETİRAZ

 16:04 09.10.2024     947

Hər il payız fəslində binaların tüstü bacalarının təmizlənməsi məsələsi gündəmə gəlir. Nazirlər Kabinetinin qərarına əsasən, binanın tüstü bacalarına ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmət həyata keçirilməlidir.

Qeyd edək ki, bir tüstü bacası eyni mərtəbədə yerləşən bütün mənzillərdən çıxan dəm qazını xaric edir. Bacalar təmizlənmədikdə isə mənzillərdə, xüsusilə hamam otaqlarında bədbəxt hadisələr baş verə bilər.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, qaz qurğularının tüstü bacaları kvartalda bir dəfə yoxlanılmalı və təmizlənməlidir:

"Çünki iş vaxtı temperatur dəyişikliyindən və sairdən qurum yığılır və cuhazların gözü tutula bilər. Ona görə bu, mütəxəssislər tərəfindən yoxlanmalıdır. Əhali özü eləyə bilməz. Çünki kirpi deyilən bir alət var, onu yuxarıdan aşağı buraxırlar ki, təmizləndi, yoxsa yox. Sonra da tüstü bacasına məşəl yaxınlaşdırırlar. Əgər məşəl tüstü bacasının dəliyinə tərəf meyllənirsə, deməli, çəkir, əgər düz qalırsa və ya əks tərəfə vurursa, onda işləmir".

Mütəxəssis qeyd etdi ki, tüstü bacalarını təmizləyən heç bir qurum yoxdur:

"Bir şirkət var, ancaq nə yeri məlumdur, nə reklamı var, nə telefonu var. Təmizləmə üçün də 20 manat əhalidən pul istəyirlər. Bu məsələ problem olaraq qalır. Sovet vaxtı Daxili İşlər Nazirliyinin nəzdində könüllü yanğınsöndürmə şöbəsi vardı, oradan gəlib yoxlayırdılar, Mənzil İstismar Sahələri (MİS) də təmizləyirdi. Ancaq indi nə yoxlayan var, nə təmizləyən, nə də MİS-lər yoxdur. MTK da deyir ki, mənim işim deyil. Başqa şirkətlər də bunun üçün 20 manat pul istəyir. Hər şeyi pulla ölçmək olmaz. Əhalinin məmnunluğunu təmin etmək lazımdır. Əgər pensiyaçı 280 manat alırsa, deməli, yaşlıdır. O, dava-dərmana pul versin, yoxsa getsin ventilyasiyanı təmizləsin? Bu məsələ ilə maraqlanmaq lazımdır".

Sevinc İBRAHİMZADƏ