Keçmiş məcburi köçkünlərin Bakıda yaşadığı evlər geri qaytarılır - PROSES BAŞLADI

 17:40 08.10.2024     221

İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Redaktor.az milli.az-a istinadla xəbər verir ki, keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarıldıqca, onların bəzilərinin indiyə qədər məskunlaşdığı, başqalarına məxsus evlər əvvəlki sahiblərinə təhvil verilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev bildirib ki, öz doğma yurdlarına qayıdan bu ailələr əsasən Bakı və Sumqayıtda başqalarına məxsus mənzillərdə məskunlaşmışdılar.

Onun sözlərinə görə, indiyə kimi başqalarına məxsus mənzillərdə məskunlaşmış 137 ailə, 474 keçmiş məcburi köçkün geri qayıdıb.

"Bakı və Sumqayıtla yanaşı, digər rayon və şəhərlərdə də başqalarına məxsus evlərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər var. Həmin ailələr də öz doğma yurd-yuvalarına qaytarıldıqca, bu mənzillər sahiblərinə təhvil veriləcək".

Qeyd edək ki, bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2251 ailə, 8612 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.