"Green Card"la Amerikada yaşamaq imkanı... - Millət vəkili DANIŞDI

 13:27 09.10.2024     384

Bu il “Green Card” (Yaşıl Kart) müraciətləri 2 oktyabr 2024-cü il çərşənbə günü saat 19:00-da başlayıb və 5 noyabr 2024-cü il çərşənbə axşamı saat 20:00-da davam edəcək.

Bəs "Green Card" insanlara nə vəd edir?

Bu barədə Redaktor.az-a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov bildirdi ki, xarici ölkələrə qanuni şəkildə miqrasiya etməyin müxtəlif yolları var. Onun sözlərinə görə, bəzi ölkələr bununla bağlı xüsusi proqramlar tətbiq edirlər:

"Bu istiqamətdə ABŞ hökuməti "Green Card" lotereyasını geniş şəkildə tətbiq edir və faktiki olaraq bu lotereya vasitəsilə hər il minlərlə xarici ölkə vətəndaşlarının öz ölkəsində məskunlaşmasına şərait yaradır. "Green Card" əslində, adı lotereyadır, ancaq prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olur ki, bu lotereya kifayət qədər selektiv üsullardan biri hesab olunur. Düzdür, bununla insanlara bir növ şans verilir, xüsusilə də ABŞ-yə miqrasiya etmək, öz gələcək taleyini bu ölkə ilə bağlamaq istəyən şəxslərə əlavə bir imkan yaradır. Şəxs udduğu təqdirdə onun şansı yaranır ki, Amerika Birləşmiş Ştatlarına səfər etsin və ya daimi yaşasın".

Deputat əlavə etdi ki, müəyyən dil bilgisinin, maliyyə vəsaitin olması və digər konkret şərtlər var ki, bunlar faktiki olaraq şəxsin qalib olmaq şansını artıran vacib elementlərdir:

"Biz görürük ki, adətən "Green Card" lotereyasında iştirak edib qalib olanlar cavanlardır. Həmin udan insanların da profilinə nəzər saldıqda onların əksəriyyətinin məhz ailəsi olmayan şəxslər olduğunu görürük. Bu, o deməkdir ki, artıq ABŞ "Green Card" lotereyası vasitəsilə özünün əmək bazarında olan ehtiyacların təmin olunmasına nail olur. Digər bir tərəfdən bu ölkə miqrasiya yollarını və üsullarını daha sistemləşdirilmiş şəkildə reallaşmasına nail olur və faktiki olaraq hökumət bu seçimi apararkən heç də yüzdə-yüz lotereyanın taleyinə buraxmır. 

Burada həmin selektiv üsul qeyd etdiyimiz parametrləri xüsusilə nəzərə alaraq bu və ya digər şəxslə bağlı müsbət qərar verir".

Azər Allahverənov miqrasiya mövzusunda mühazirə ilə çıxış edib - AKTOR.az

Azər Allahverənov qeyd etdi ki, bu lotereyanı udanların hamısı mütləq onlara verilən bu imkanı reallaşdırımırlar:

"Çünki təcrübə də göstərir ki, bu proses özü müəyyən bir vaxt aparır, yəni bir-iki il uzana bilir. Müəyyən müsahibələr üzrə əlavə sənədlərin toplanması və digər məsələlər nəticə etibarilə elə bir situasiya yaradır ki, şəxs xaricə səfər etməkdən vaz keçir. Amma son illərin statistikasına nəzər saldıqda görürük ki, insanlar daha mərkəzləşdirilmiş şəkildə həmin imkanların dəyərləndirilməsinə çalışırlar. Nə qədər də mürəkkəb prosedurlar olsa da, hətta bəzi hallarda sərt şərtlər də olsa, yenə də insanlar bunu dəyərləndirməyə cəhd edirlər. 

Təcrübədə yenə var ki, ümumilikdə lotereyaya müraciət edənlərin 10-12 faizi əvvəlki illərdə qalib olardılar. Sonrakı illərdə bu 7-8 faiz azalıb. Amma misal üçün, Azərbaycana nəzər salsaq, bu faiz dərəcəsi dəyişir. Yəni ümumilikdə ildən-ilə lotereya udanların sayında artım müşahidə edilə bilər. Eyni zamanda ümumi statistik müraciət edənlərin faiz nisbətində azalma və ya artma ola bilər. Bu, ildən ilə dəyişirir".

Qeyd edək ki, “Green card” lotereyasına müraciət etmək üçün ən azı orta məktəb məzunu olmaq lazımdır. Əgər şəxsin orta təhsili yoxdursa, son beş il ərzində iki il iş təcrübəsi olmalıdır. Həmçinin “Green Card”a müraciət edənlərin 18 yaşı tamam olmalıdır. Evli şəxslər müraciət edərkən evli olduqlarını qeyd etməlidir. Bu zaman əgər lotereyada qələbə qazansalar özləri ilə birlikdə həyat yoldaşları və 21 yaşdan kiçik övladları da onlarla birlikdə ABŞ-də yaşamaq hüququ əldə etmiş olur. “Green Card” üçün müraciət edənlərə maliyyə və dil ilə bağlı tələb qoyulmur. “Green Card” müraciət etmək üçün rəsmi sayta daxil olub ərizə formasını doldurmalısınız.

Sevinc İBRAHİMZADƏ