"Önəmli olan ər evinə ismət, abır-həya apara bilməkdir" - Sosioloq: "Cehizlik qaba 9 min pul verirlər, amma..."

 15:41 09.10.2024     1983

Azərbaycanın bir çox bölgəsinin adət-ənənəsinə görə, evlənmək istəyən oğlanın evini qızın cehizləri doldurmalıdır. Keşmişdə bu cehiz bir boğça və ya kiçik sandıqdan ibarət idisə, müasir dövrdə qız köçürdən ailəni borca salacaq qədər çox və bahalıdır. 

Bəs cehiz adət-ənənəsini dəyişdirmək mümkündür?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında fikirlərini bölüşdü:

"Bəşəriyyət var olduğundan bəri analar-atalar qız köçürəndə ona müəyyən əşyalar verərmiş. Tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş. O zamanların ən məhşur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və sair idi. Zaman irəlilədikcə cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, hətta daha dəyərli cehiz vermək barədə bir növ yarışa giriblər. 

İllər ötdükçə cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək, zər-xara paltarlar da əlavə edilməyə başladı. Amma bunları maddi imkanı daha yaxşı olan ailələr edə bilirdi. Elə o zamandan da cehiz adətində bölünmə başladı. Kasıb ailələrinin cehizi ayrı, varlıların cehiz anlayışı isə ayrı oldu. Elə indiki kimi". 

Sosioloqun sözlərinə görə, istənilən halda cehiz adəti olduqca gözəl və gərəkli ənənədir, bir şərtlə ki, “ağ etməyəsən”:

"Cehiz ailələrin mal-mülk müsabiqəsi deyil, milli adətdir. Amma cehizsiz ailə qurmağı heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan ər evinə mənəvi cehiz – ismət, abır-həya apara bilməkdir. 

Bir yataq örtüyünə 700 manat, bir çilçırağa 1000, bir meyvə qabına 300, heç vaxt qıyıb yemək yeməyəcəyi qab dəstinə 5000 manat pul verib misli görünməmiş cehiz tutanlar sonra o qabları istifadə etməyə də qıymırlar. Çox çıxıb mətbuata, cehiz üstə gah qız özünü asır, gah ata borcdan bezib intihara əl atır. Niyə siz uşağınıza içində adi yemək yeyəcəyi qab dəstini 9 minə almalısınız? Niyə ömründə bir dəfə qıyıb içində su içməyəcəyi 12 stəkana 2 min pul verirsiniz? İldə bir dəfə - yeni ildə içinə meyvə qoyub "selfi" edəcəyi meyvə qabına niyə 700 manat verirsiniz?"

Lalə Mehralı qeyd etdi ki, təəssüf ki, bəzi qızlar bu məsələdə çox israrçıdır:

"Onlar valideynini hədələyir, “almasanız özümü öldürəcəm” deyə qorxudurlar. O qızlar beyinlərinə niyə ailə həyatında işlərinə yarayacaq informasiyalar yeritmir, özünü inkişaf etdirmir, adi şüşədən hazırlanıb axmaqlara od qiymətinə sırınan qaba görə ailəsini borca salır?"

Sevinc İBRAHİMZADƏ