Sürücülər icazəli vaxtlarda niyə avtobus zolağından istifadə etmirlər? - AÇIQLAMA

 16:12 09.10.2024     413

Bakıda bir çox sürücü tıxaclarda saatlarla qaldığı halda belə avtobuslar üçün ayrılan zolaqlardan istifadə etmirlər. Halbuki paytaxtın müxtəlif ərazilərində müəyyən vaxtlarda avtobus zolaqlarına daxil olmağa icazə var və bu, nişan lövhələrində qeyd olunub. Belə ki, bəzi yollarda minik avtomobillərinin avtobus zolağına girişi saat 07:00 – 10:00-da və 17:00 – 20:00-da qadağandır, lakin digər vaxtlarda həmin zolaqlardan hər kəs yararlana bilər. Amma müşahidələrimizə görə əksər sürücülər heç icazəli vaxtlarda da avtobus zolağından istifadə etmirlər. Məsələn, paytaxtın Nərimanov rayonu ərazisindəki Əhməd Rəcəbli küçəsində avtobus zolağına giriş 17:00 – 20:00 arasında qadağan olmasına baxmayaraq, burada digər vaxtlarda da minik maşını görmək mümkün deyil. 

Bəs buna səbəb nədir?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, sürücülərdə artıq belə bir psixoloji yanaşma var ki, harada kamera quraşdırılıbsa, avtomobili çəkəcək və hansı vaxtlarda hərəkətdə olduğunu sübut etmək çətin olacaq:

"Əslində isə həmin məhdudiyyət aradan qaldırılan vaxt ərzində avtomatik olaraq kameraların yaddaşı dayandırılır. Limitli vaxt başa çatdıqdan sonra kameraların fəaliyyəti işə düşür və yenidən bütün qanunsuzluqlar yaddaşa yazılır. Bunların hamısı tənzimlənib və bunu sübut etmək də mümkündür. Ona görə də sürücülərimiz həmin müddətdə avtobus yollarına girə bilərlər və burada hər hansısa cərimənin tətbiq olunmasından söhbət gedə bilməz".

Qeyd edək ki, qaydalara görə, avtobus zolağına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 100 manat məbləğində cərimələnirlər. Yalnız məlumat lövhəsi olmayan yerlərdə, ümumiyyətlə, avtobus zolaqlarına daxil olmaq olmaz.

Sevinc İBRAHİMZADƏ