“Atasından sonra onun heç vaxt ağladığını görmədim" - POLAD HƏŞİMOVUN XANIMI

 10:27 10.10.2024     244

Ofelya Salmanova: "Polad qapıdan girəndə həmişə özümü düzəltmişəm"

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrində övladları barədə də danışıb

Redaktor.az xəbər verir ki, O.Salmanova “Azərbaycan” qəzetinə müsahibə verib:

“Poladın atası İsrayıl isə on il idi parkinson xəstəliyindən əziyyət çəkirdi. O, böyük hörmət qazanmış, savadlı, dünyagörmüş insan olub. Uzun müddət Sumqayıtda alüminium zavodunda sex rəisi vəzifəsində çalışmışdı. Poladın yanında və qəlbində onun yeri başqa idi. Bu yalnız ata sevgisi deyildi, həm də mənəvi yaxınlıq idi. Həzrət Yaqubla Yusifin bir-birinə sevgisi, bağlılığı Polad Həşimovla atası arasında vardı. Atası vəfat edəndə Polad çox ağladı. Mən bundan başqa heç vaxt onun ağladığını görmədim. Aybənizə adı babasından yadigar qaldı. Yaxşı ki, qızımızı gördü... Oğlanlarımızın adını isə Polad özü qoydu. Böyük oğluna dövlət başçısı, sərkərdə Davud Peyğəmbərin şərəfinə Davud, sərkərdəliyinə aşiq olduğu Əmir Teymura görə kiçik oğluna Teymur adını verdi".

Ofelya xanım Polad Həşimovun mətbəx sevgisindən də bəhs edib:

"Polad Həşimovu bacarıqlı, mətbəxi sevən, öz geyimlərini ütüləyən gördüm, hətta deyirdi ki, mən dördüncü sinifdə oxuyandan öz paltarımı ütüləyirdim...
Möhkəm soyuqlamışdım. Mənə əvvəlcə sıyıq bişirdi. Üstünə qatıq töküb gətirdi. Bir də gördüm qəribə ot gətirdi. Deyirdi ki, sən soğanı yağda qızart, bunu özüm hazırlayacağam... Ancaq bu o demək deyildi ki, həmişə mətbəxdəydi. Mən özüm imkan verməzdim, yaraşdırmazdım ki, o girsin mətbəxdə nəsə etsin. İkimizin bir yerdə çay dəmləməyimiz, yemək hazırlamağımız çox gözəl idi".

Polad Həşimov Qəbələ aşını, dolmanı, dovğanı çox sevib. Həyat yoldaşının bişirdiyi yeməkləri həmişə bəyənib.

"Hərbçi olduğuna görə yemək seçən deyildi. Bu, həm də onun imanından irəli gəlirdi. Verdiyi nemətlərə görə, Allaha şükür etməyi bacarırdı".

Polad Həşimovun xarakterindəki ən qabarıq cizgi, həyat yoldaşının fikrincə, həddindən artıq təmkinli olması idi:

"O, təmkini, səbri, dik duruşu - həm fiziki, həm də mənəvi duruşunu nəzərdə tuturam, susmağı ilə qarşısındakı insanı ömürlük məğlub edə bilərdi. Özünə böyük hörməti vardı. İçində elə böyük mənlik, elə uca şəxsiyyət vardı ki, ona baxanda istər-istəməz özünü yığışdırmalı, davranışlarına diqqət etməliydin. Həyat yoldaşı, uşaqlarının anası idim, amma Polad qapıdan girəndə həmişə özümü düzəltmişəm. Belə bir tələbi yox idi. Ailə idik, gülürdük, danışırdıq... Qapının ağzında bircə onun boğazlı çəkməsini çıxarması üçün yer qalmışdı. İdman döşəkləri düzmüşdük. Polad qapıdan girirdi, uşaqlar atılırdı üstünə. Yıxılırdılar idman döşəklərinin üstünə, yemək yeyənədək oyunlar çıxarırdılar. Ancaq kim olursan ol, onun içindəki şəxsiyyət səni yanında sayğılı davranmağa vadar edirdi. Bir də az danışan adam idi. Peşəsindən irəli gəlirdi. Hərbçilər çox danışmağı sevməzlər. Məncə, belə də lazımdı. Son illərindən, işindən, ətrafındakılardan isə heç danışmazdı".

Ofelya Salmanova Polad Həşimovun qara xəbərini necə, nə vaxt aldığı barədə də fikirlərini bölüşüb:

"Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: "Siz gedin, mən də gələcəyəm", - dedi".

On dörd gün idi Qəbələdəydilər. 2020-ci il iyunun 14-nə açılan səhər idi. Ofelya səhər namazını qılıb, yenidən yatdı... Yuxuda dəhşət içində "Polad" deyib qışqırdı. Öz səsinə oyandı... 

Çox keçmədi ki, qohumları gəlməyə başladılar.

"Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin məndən hal-əhval tutmağa gəlirlər. Ertə, saat 8-də gəlmələrinə təəccübləndim. Uşaqlar da yataqdan qalxdılar. Qohumlar danışırdılar: "Cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb". Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən onda başa düşdüm... 

Poladın xətrini çox istədiyi əmisi "qızım" deyib gələndə... Dedim: "Yaxına gəlməyin". Bildim ki... baş verib artıq...". Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü".

Polad Həşimov şəhid olanda qızı Aybəniz 10-cu, oğlanları Davud 8-ci, Teymur isə 5-ci sinifdə oxuyurdu. Harada yaşamışdılarsa, orada - Daşkəsəndə, Şəmkirdə, Tovuzda, sonra yenə Şəmkirdə məktəbə getmişdilər. Ataları şəhid olduqdan sonra təhsillərini Bakıda davam etdirdilər.

"Onun şəhid olduğu posta bir ildən sonra getdik. Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər... Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir... Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu.

Fikirləşirdim ki, həyat yoldaşım iyirmi beş il o təhlükənin içində olub. Ömrünün ən qaynar illəri bu yerlərdə şaxtada üşüyə-üşüyə, dona-dona keçib. Mən orda tək həyat yoldaşımın deyil, digər zabitlərin də vətən üçün necə əzab-əziyyətə qatlaşdıqlarını anladım. Və nə yaxşı ki getdim. Bir gün şans yaranarsa, yenə gedərəm. Ora da bir zirvədir. Çıxmaq çətindir, sərhəddir, qarşı tərəfdə post var. Amma ora qəhrəmanlıq zirvəsidir", - Ofelya Salmanova bildirib.