Müharibəyə görə təhsili yarımçıq qalan qazimizlə bağlı qərar VERİLDİ

 10:39 10.10.2024     232

Müharibə səbəbindən təhsil arzusu yarımçıq qalan Vətən müharibəsi qazisi, I qrup əlil Valeh İsayevə təhsilini davam etdirməsi üçün şərait yaradılacaq.

Redaktor.az xəbər verir ki, ötən həftə qazinin bacısı Nigar İsayevanın qafqazinfo.az-a müraciətindən sonra V.İsayevlə görüş keçirilib. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, oktyabrın 9-da qurumun rəsmiləri Bakı Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazisi Valeh İsayevi ziyarət edib. Görüş qazinin təhsilini davam etdirməsi ilə bağlı müraciətinin təmin edilməsi məqsədilə keçirilib: “Valeh İsayev müharibədə ağır yaralanaraq hərəkət qabiliyyətini itirməsinə baxmayaraq təhsilini davam etdirmək istəyini bildirib. Görüş zamanı Agentlik rəsmiləri qazinin müraciətini dinləyib və onun xüsusi vəziyyəti nəzərə alınaraq qanunvericilik çərçivəsində təhsil hüququnun təmin olunması üçün uyğun tədbirlərin görüləcəyini bildiriblər”.

Xatırladaq ki, Valeh 4 il öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə qəbul olub, müharibəyə könüllü yazıldığından ora yollanıb və təhsil ala bilməyib. Sonradan yaralanıb hərəkət qabiliyyətini tamamilə itirib. Amma hər hansı əqli problemi yoxdur. Bununla belə, universitetdə təhsilinə başlaya bilməyib. 

Rəsmi açıqlamalarda isə Valeh İsayevin təhsili ilə bağlı problemin səbəbinin Agentliyə və ya qəbul olduğu universitetə müraciətin daxil olmaması göstərilib.