Niyə hələ də payız havası özünü göstərmir? - AÇIQLAMA

 17:35 10.10.2024     294

Payız fəsli ölkəmizə daxil olsa da, müşahidə edilən yaz-yay havasıdır. Bu da bəzi hallarda insanlarda narahatlıq yarada bilər.

Havaların isti keçməsi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan meteoroloq Cavid Hüseynov bildirdi ki, istilərin səbəbi Günəş səthindəki güclü partlayışlardan yaranan alov sıçrayışlarıdır. Bu da meteohəssas insan və xroniki xəstələrə mənfi təsir edir.

"Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur. Həddindən artıq günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir. Günəş səthindəki güclü partlayışlardan yaranan alov sıçrayışları A (ən kiçik), B, C, M və X sinifləri üzrə sıralanır. 1-dən 9-a qədər dəyişən X-sinif spektri daha güclü hesab edilir. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə, GPS, naviqasiya sistemlərinin və ölçü cihazların iş fəaliyyətinin pozulmasına, Peyk aparatlarının zədələnməsinə, kosmik gəmilər və astronavtlar üçün risklərin, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanlar və xroniki xəstələrin həssaslığının artmasına (baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və s. hallar) səbəb ola bilir. Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür".

Meteoroloqun sözlərinə görə, 2024-cü il maksimum günəş aktivliyi ili olacaq və bu ilin sonuna qədər azalacaq.

"Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində həftə sonundan başlayaraq Bakıda və respublikamızın digər rayonlarında havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək, bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək. Noyabr ayında havanın temperaturunda intensiv enmə davam edəcək, minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınacaq. Payız yağıntıları ən çox Astara və Lənkəran rayonlarında müşahidə edilir", - deyə Cavid Hüseynov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ