Azərbaycanda elektron su atlası YARADILIR

 13:49 11.10.2024     196

Azərbaycanda 2025-2027-ci illərdə coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Strategiyada bildirilib ki, ilkin nəticələr CİS modelinin qurulması, mövcud xəritələrin elektronlaşdırılması və veb-xəritələşdirmədən, aralıq nəticələr su və su təsərrüfatı obyektləri, o cümlədən infrastrukturları barədə məlumatların CİS-ə inteqrasiyasından və yekun nəticələr geniş məlumat əsaslı interfeysin işlənilməsi və elektron su atlasının yaradılmasından ibarət olacaq.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planındakı hədəflərdən biri yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən olunmasıdır. Bu fəaliyyət çərçivəsində kompleks hidrogeoloji, hidroloji, geofiziki tədqiqat işlərinin (dəqiq kəşfiyyat işləri) aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin sayının artırılması, məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə (ESTİS) inteqrasiyası planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (1,6 milyard kubmetr) və Araz (1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.

Su infrastrukturunun yaxşılaşdırılması istiqamətdə aparılan işlər çərçivəsində Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 %-ə çatdırılıb, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılıb. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb. Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür.