"Sahibkar yardım sözünü özünə yaxın buraxmamalıdır" - Nigar Ələsgərova

 19:08 11.10.2024     1117

"Azərbaycanda qadın sahibkarlığı ötən dövrlərə nisbətdə son beş ildə daha yaxşı inkişaf etməyə başlayıb. Bunun bir neçə səbəbi var. Həm bu məsələ qadınların cəmiyyətin müxtəlif sferalarında önə çəkilməsi ilə bağlıdır. Eyni zamanda da, Azərbaycanda biznes mühitinin daha yaxşıya doğru inkişaf etməsi imkan verir ki, qadınlar da bu sahə ilə daha yaxından məşğul olsunlar. Amma təbii ki, bir çox sahələrdə olduğu kimi, qadın sahibkarlığı sahəsində də müxtəlif problemlər hal-hazırda mövcuddur və bu problemlər də cari sahənin daha geniş və daha sürətli inkişafına, şübhəsiz ki, mane olur".

Bu fikirləri Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, qadın sahibkarların problemləri xüsusilə maliyyə ilə bağlı güzəştlərin olmaması ilə bağlıdır:

"Təbii ki, bunun da müxtəlif obyektiv və subyektiv səbəbləri var. Çünki belə güzəştlər, imtiyazlar təsis olunarsa, şəffaflığının qorunması ilə bağlı da çoxlu məqamlar ortaya çıxır. Amma əlbəttə, sırf qadın sahibkarlığına xitab edən xüsusi imtiyazlar və xüsusi dəstək proqramları olarsa, düşünürəm ki, bu sahəni daha yaxşı inkişaf etdirmək mümkün ola bilər. Eyni zamanda qadın sahibkarlığı ilə bağlı digər vacib problem ondadır ki, bu sahədə ciddi maariflənmə, öyrənmə və peşəkarlaşma problemi var. Yəni bəzən sahibkarlarımız fərqi yoxdur, kişi və ya qadın, öyrənmə məsələsində cari işlərin həllinə fokuslanaraq öz şəxsi inkişaflarına az zaman ayırırlar. Hərçənd bunun da obyektiv və subyektiv səbəbləri ola bilər. Amma düşünürəm ki, daha çox maarifləndirmə etmək lazımdır ki, ümumiyyətlə, sahibkarlarımız fərdi inkişafın, müxtəlif bacarıqlara yiyələnmənin, müxtəlif sahələrdə peşəkarlaşmanın özlərinin işinin daha yaxşı inkişaf etməsinə xidmət edəcəyini anlasınlar. Bu, vaxt itkisi deyil, əslində, inkişaf onların şəxsi sahibkarlıq fəaliyyətinin əsas tərkib hissəsi olmalıdır. Fikrimcə, bu prosesdə bir az ləngimə və yaxud zəif inkişaf var. Əslində, ölkədə internet platformaları üzərindən kifayət qədər resurslar var, sadəcə onlardan layiqincə faydalanmaq lazımdır".

Picture background

Nigar Ələsgərova qeyd etdi ki, regionlarımızda bu prosesi sürətləndirmək lazımdır:

"Region qadınlarının həm bacarıqlarının artırılması, həm biznes düşüncə tərzinin orada təbliğ olunması, eyni zamanda biznes mühitinin inkişafı üçün də müxtəlif addımlar atılmalıdır. Ümumilikdə regionlardakı daha zəif biznes mühiti, təbii ki, qadın sahibkarlığına da birbaşa təsir göstərir. Şübhəsiz ki, qarşılaşdıqları problemlər də bu saydığım məsələlərlə birbaşa bağlıdır. Bununla bağlı qeyd etdiyim kimi, müxtəlif proqramlar, təlimlər və sair icra olunur. Ancaq daha təkmil formada da həll olunması, təkliflər verilməsi mümkündür".

Həmsöhbətimiz qadın sahibkarlara edilən yardımlarla bağlı da fikirlərini bölüşdü.

Picture background

O vurğuladı ki, sahibkarlıqla yardım sözü yan-yana durmamalıdır:

"Əgər bir insan sahibkardırsa, o, yardım sözünü özünə yaxın buraxmamalıdır. Çünki sahibkarlıqla yardım sözü eyni bir fikirdə uyğun gəlmir. Sahibkar özü formalaşmalı və cəmiyyətin müxtəlif problemlərinin həllində dəstəkçi rolunda çıxış etməlidir. Amma onların da qarşılaşdıqları çətinliklərin, çatışmayan tərəflərin həlli üçün müxtəlif proqramlar icra olunur. Müxtəlif dövlət qurumları tərəfindən layihələr həyata keçirilir ki, bu, əsasən sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes düşüncə tərzinin formalaşmasına yönəlib. Müxtəlif kiçik dəstək layihələri var ki, təkcə  qadınlara məxsus olmasa da, ümumiyyətlə, sahibkarlar üçündür və onlardan faydalana bilərlər. Xüsusi kredit xətləri əldə etmək mümkündür ki, bununla hansısa maliyyə resurslarına çıxış əldə edərək problemləri həll edə bilərlər. Amma mənim mövqeyim ondan ibarətdir ki, bu istiqamətdə xüsusi proqramlar hazırlanmalıdır. Əgər biz doğrudan da, sahibkarlıq fəaliyyətini layiqincə formalaşdıra bilən simaları görmək istəyiriksə, mütləq paytaxtla yanaşı, regionlara da üstünlük verməklə qadın sahibkarlar üçün dəstək proqramları etməliyik. Bu, çox vacibdir və yuxarıda saydığım məsələlər - maliyyə resurslarına çıxış, bilik və bacarıqlarının artırılması, əlverişli, şəffaf biznes mühitinin formalaşdırılması mütləqdir ki, qadınlarımız bu istiqamətdə ciddi yol ala bilsinlər".

Picture background

Nigar Ələsgərova qeyd etdi ki, qadınlar çox qoçaqdırlar, bacarıqlıdırlar və yorulmadan çalışma gücünə malikdirlər:

"Çünki yaradılışdan onlar elə formalaşdırılıb, elə yaradılıblar ki, eyni anda bir neçə işin öhdəsindən gəlmək bacarıqları var. Ona görə əminəm ki, daha yaxşı qadın sahibkarlıq mühitini görə bilərik. Ölkəmizdə bu gün sözün əsl mənasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan layiqli xanımlarımız var və onlar yüzlərlə, minlərlə vətəndaşın işlə təmin olunmasına dəstək ola bilirlər. Bu da olduqca təqdirəlayiqdir və belə xanımların sayının çox olması çox vacibdir. Çünki qadın cəmiyyətin əsas aparıcısıdır, cəmiyyətin əsas qurucusudur və qadının güclənməsi, onun inkişafı cəmiyyətin, dövlətin, ölkənin inkişafı və tərəqqisi deməkdir".

Sevinc İBRAHİMZADƏ