Azərbaycanda suyun qiyməti necə müəyyənləşdiriləcək? - AÇIQLAMA

 19:29 11.10.2024     928

Azərbaycanda suyun tarifləri diferensiallaşdırılacaq. Bu, "Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya"da əksini tapıb. 

Bəs ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflər nəyə əsasən hesablanacaq? Bu qərar nə qədər effektiv hesab olunur? Həmçinin bu halda suyun qiyməti bahalaşacaqmı?

Mövzu ilə əlaqdar Redaktor.az-a danışan iqtisadçı ekspert Elçin Rəşidov bildirdi ki, su tariflərinin diferensiallaşdırılması suyun bahalaşması və ya ucuzlaşması deyil:

"Ayrılıqda ola bilər ki, su tarifləri diferensiallaşdırılarkən bahalaşdırıla və ucuzlaşdıra bilər, ancaq bu barədə hələ ki, məlumat yoxdur. Suyun tarifinin diferensiallaşdırılması isə doğru qərardır. Bunu 20 il bundan qabaq mən "Azərsu"ya şəxsən təklif etmişəm və həm Azərbaycanda, həm də Naxçıvandakı həmin müvafiq şirkətin balansını qorumaq şərti ilə suyun tarifinin necə diferensiallaşdırılması barədə konsultasiya vermişəm, təlim keçmişəm və düsturlarını göstərib hesablamaları təqdim eləmişəm".

Metbuat.az En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler, 04  Oktyabr 2024 xeberleri, 04.10.2024 xeberleri

O, suyun qiymətinin diferensiallaşdırılmasının arxasında duran əsas prinsipləri sadaladı:

"Suyun düzgün diferensiallaşdırılmasının arxasında duran məsələ ondan ibarətdir ki, əhali ölkənin müxtəlif yerlərində içməli su mənbələrinə yaxın və ya aralı yaşayır. Onlara suyun çatdırılmasının maya dəyəri çox müxtəlifdir və hətta on dəfələrlə onların maya dəyəri fərqlənir. Məsələn, elə yer var ki, suyun maya dəyərinin çatdırılması 20 qəpikdir, elə yer də var ki, iki qəpikdir.

Burada söhbət həm suvarma suyundan gedir, həm də içməli sudan gedir və hər bir suyun özünün götürmə mənbələri var. Suvarma suyu ayrıdır, içməli su ayrıdır və hər birinin əhalinin orada yerləşməsinə görə maya dəyəri fərqlidir. Bu zaman əhaliyə qiymətlər də fərqli  təklif edilməlidir. Çünki iqtisadi qanunlar bunu diktə edir və belə olduqda daha səmərəli olur. Əks halda insanlar elə yerlərdə məskunlaşmağa başlayırlar ki, ora suyun çatdırılması baha başa gəlir, iqtisadiyyatı çökdürür və insanlar ucuz qiymətə bahalı suyu israf edirlər. Bu da iqtisadiyyatı geri salır, insanların da vaxtı, əziyyəti, resursları, pulu sərf olunur. Amma kiməsə də su ucuz satılır deyə israf edir. Bəzi adamlar bunu populistcəsinə yaxşı bir şey kimi qələmə verirlər. Lakin bu, çox pisdir, çünki hətta hər bir adamı ayrılıqda iqtisadiyyatda geri salır. Çox təəssüf ki, Azərbaycanda uzun müddət kommunal xidmətlər barədə, o cümlədən su da daxil olmaqla qərarlar populist istiqamətdə verilib, daha çox məqsədlərə xidmət edib, iqtisadiyyata xidmət etməyib".

İqtisadçı qeyd etdi ki, indiyə qədər qurulan su infrastrukturu, o cümlədən su infrastrukturunun qiymətinə görə salınan şəhərsalmaların da hamısı iqtisadiyyata xeyli dərcədə zərərli olub:

"Digər tərəfdən vətəndaşlardan biri deyir ki, suya çox yaxın yerləşir və su onun üçün ucuz başa gəlməlidir, istər suvarma üçün, istər evində istifadə üçün istifadə etməlidir. Çünki su mənbəyinə yaxındır və suyun çatdırılması çox rahatdır. Bəziləri ölkədə su resurslarının azlığından danışır, qənaətdən danışır. Ancaq suyun sonradan kanalizasiya vasitəsilə yenidən su hövzələrinə və s. qayıtması, yəni suyun təbiətdə ümumi belə dövriyyəsində həmin adam iştirak edir. Amma ona su maya dəyərindən 10 dəfə baha çatdırılır, hansı ki, həmin ərazidə su ucuz olmalıydı və orada məskunlaşma böyük olmalı idi. Demək, suyun qiymətlərin yanlış görülməsi ölkədə müxtəlif yerlərdə yanlış məskunlaşma yaradır, eyni zamanda fermerlərin yanlış davranışına səbəb olur. Ölkənin müxtəlif yerlərində fermerlər suya eyni qiymət ödəyir, ancaq bir yerdə baha başa gəlir, digərində ucuz. Harada ki, ucuz gəlir, orada su çox verilməlidir və rahat şəkildə fermerlər ondan istifadə edib kənd təsərrüfatı məhsulları yetişdirməlidir. Amma indi fermer uzağa gedir və deyir ki, mənə ucuz qiymətə su çatır. Hansı ki, suyun da maya dəyəri başa gəldiyindən həmin fermerə 10 dəfə, bəzən də 30 dəfə ucuz çatdırılır. O cümlədən kənd təsərrüfatı, torpaq və s. resurslarından səmərəli istifadə olunmur və fermerlər də nəyi əkib, nəyi əkməmək barədə düzgün qərar vermirlər".

Elçin Rəşidov vurğuladı ki, su resurslarına yaxın olan bir yerdə sakin çox yüksək qiymət ödəyirsə, bu da təbii ki, iqtisadi baxımdan zərərlidir:

"İstər suvarma suyu ilə bağlı, istər içməli su ilə bağlı ölkənin hal-hazırda su resurslarına nəzarət edən şirkətlərin kadr potensialını yaxından tanııyıram. Bu cəhətdən deyə bilərəm ki, baxmayaraq ki, diferensiallaşdırma olacaq, yenə də tam iqtisadi baxımdan ən səmərəli formada olmayacaq. Onlarda mən potensialı, təəssüf ki, hələ görmürəm. Bu potensialın da yaranmamasının arxasında ciddi institusional səbəblər var. Yəni ölkədə olan mövcud institusional səbəblər imkan vermir ki, bu cür şirkətlər səmərəli işləsin. Bu da imkan vermir ki, ölkədə həm kadr potensialı yaransın, ardınca da düzgün iqtisadiyyat üçün xidmət edəcək siyasət yaransın".

Sevinc İBRAHİMZADƏ