AQTA dönərxanalara necə nəzarət edir?
Dönərdən zəhərlənmələrlə bağlı xəbərlər bir deyil, iki deyil. İlin on iki ayında bu cür zəhərlənmə halları gündəmi zəbt edir. Məsələ odur ki, belə ictimai iaşə obyektlərinə ölkənin bütün künc-bucaqlarında rast gəlmək mümkündür, ancaq onların fəaliyyətinə nəzarət müəmmalı mövzudur. İstəyir hazırlanan qidalar üçün alınan məhsullar, istər onların emal prosesi hansı şəraitdə həyata keçirilir, o da məlum deyil. Beləliklə, istehlakçı bu cür yerlərdən yemək alanda, insaf qalır obyekt sahibinə, ümid də Allaha...
Dönərxanaların fəaliyyətinə nəzarətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir:
"Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri, ictimai iaşə və ticarət obyektlərində vətəndaşlara təqdim edilən qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, məhsullarla bağlı qanunamüvafiq tədbirlər görülür".
Qurumdan qeyd edildi ki, əgər vətəndaşların qida məhsulları ilə bağlı hər hansı müraciətləri olarsa, bu barədə konkret məlumatlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Sevinc İBRAHİMZADƏ