Bir yandan zəbt olunan örüş yerləri, digər yandan cərimələr... - Mal-qara harada otarılsın?

 17:54 14.10.2024     1721

Avtomobil yollarının kənarlarında mal-qara otaranlar 2 min manatadək məbləğdə cərimə olunacaqlar. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. 

Bəs kənd sakinlərinin örüş yerləri yoxdursa, olanlar da sonradan zəbt olunubsa, onlar mal-qarasını harada otarmalıdırlar?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, fermerlər örüş yerlərinin əllərindən alınmasına etiraz əlaməti olaraq heyvanlarını yollara çıxarmırlar:

"Düzdür, Azərbaycanda heyvanların örüş yerləri zəbt olunub, satılıb, heyvandarlıq küncə sıxışdırılıb. Ona görə də həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların baş sayı azalır. Beləliklə də, ölkədə heyvandarlıq məhsullarının qiyməti qalxır".

İqtisadçının sözlərinə görə, heyvanları magistral yollarda otarmaq, əslində, məsuliyyətsizlikdir:

"Bu zaman heyvanların yola çıxması, həmin yollarda qəza törətməsi halları baş verir. Məsələn, bir inəyin qiyməti 2000 manatdır, bir maşın gəlib çırpılır və yaxud ona dəyməsin deyə yayınıb başqa yerə çırpılır, həm insan tələfatı baş verir, həm də kiminsə əmlakına ziyan dəyir. Mən hesab edirəm ki, sözügedən cərimələrin tətbiq edilməsi lazımdır. Bu  o demək deyil ki, fermerlərin örüş yerləri əllərindən alınıb deyə onlar mal-qaranı yollara buraxmalıdırlar. Yol infrastrukturunun ərazisində heyvan olmamalıdır. İnsan da, heyvan da xüsusi olaraq onlar üçün ayrılmış ərazilərdən keçməlidir. Fermerlər örüşlərini zəbt eləyən adamlarla, qurumlarla mübarizə eləyib, öz hüquqlarını hökumətdən tələb eləməlidirlər". 

Sevinc İBRAHİMZADƏ