İnternetdə təzə paltar sifariş veririk, amma etiketsiz mal gəlir - Hara şikayət edək?
Normalda yeni olan məhsulların üzərində onun aid olduğu firmanın etiketi olmalıdır. Lakin Trendyoldan, Temudan və ya digər onlayn satış platformalarından alınan bəzi məhsullarda etiket tapmaq olmur. Hətta bəzən həmin məhsuldan, məsələn, geyimdirsə, bədən qoxusu, parfüm qoxusu və s. hiss olunur. Platformalardakı satıcı mağazaların rəy bölməsində belə hallarla bağlı çoxlu şikayətlərə rast gəlmək mümkündür.
Bəs vətəndaş bu cür situasiya ilə qarşılaşdıqda nə edə bilər?
Mövzu ilə bağlı marketoloq Müşfiq İskəndərov Redaktor.az-a danışdı.
"Trendyol-Azərbaycan rəsmən Azərbaycan marketpleysi (red. elektron ticarət platforması) deyil və daşıyıcı şirkətlər vasitəsilə Türkiyədəki ticari nöqtədən Azərbaycandakı ofisə məhsul göndərilir. Yəni Trendyol birbaşa prosesin iştirakçısı deyil. Ona görə dəfələrlə qeyd olunur ki, yerli marketpleyslər inkişaf etməlidir, yerli alıcılardan, distributorlardan məhsullar alınmalıdır ki, müştəri hüquqlarının maksimum səviyyədə qorunması təmin olunsun. Amma təəssüflər olsun ki, Türkiyədən gəlmiş məhsulların içərisində uyğunlaşmayan, şəkil görünüşü ilə məhsulun faktiki görünüşü arasında fərqlər müşahidə olunan hallar da çoxdur. Mən xeyli istehlakçılardan bununla bağlı suallar, şikayətlər almışam. Belə hallarda təəssüflər olsun ki, Azərbaycan-Türkiyə sərhəd məsələsi yalnız hava yolları ilə təmin olunduğuna görə qarşı tərəf məhsulun geri çəkilməsinə razılaşsa belə, məhsulun geri qaytarılma şərtləri onun yenidən alınmasından daha bahalı olur. Ona görə istehlakçılar bir növ çıxılmaz vəziyyətdə qalırlar. Amma bunun ən yaxşı yolu yerli tədarükçülərdən məhsul almaq, yerli distributorların təmin etdiyi məhsulları almaq və bu tip situasiyalarda məhsulla bağlı yerində operativ reaksiyaların müəyyən olunması, şikayətlər olduqda araşdırılması, məhsullarla bağlı ciddi nöqsanların yerində aradan qaldırılması və ya yenisi ilə əvəzlənməsi ola bilər".
Marketoloq qeyd etdi ki, Azərbaycanda marketpleys və bizneslə bağlı ciddi sıxıntılar var:
"Yerli tədarükçülərin bir platforma halında birləşməsində ciddi sıxıntı var. Məhsul çeşidliliyinə görə, təəssüflər olsun ki, müştərilər Türkiyə bazarına, son zamanlar Çin bazarına və Amerika bazarına müraciət etməli olurlar. Bunun digər bir səbəbi qiymət amilidir. Yerli distributorlar məhsulların qiymətləndirilmə prosesində çox bahalı qiymətləndirmə edirlər. Bu da hər halda xərclərin çoxluğu ilə bağlıdır. Ümid edirəm ki, Azərbaycan bazarında da yerli startaplarımız olar və tədarükçülərimiz bu marketpleys ətrafında birləşərlər".
Müşfiq İskəndərov Azərbaycana gələn məhsullardakı problemlərlə də bağlı danışdı:
"Bu cür hallar Azərbaycanda baş verdikdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlət qurumlarına müraciət olunur. Həmin dövlət qurumları bu mövzuda vətəndaşın yanındadırlar. Əslində, bu mövzuda artıq dövlət qurumlarına müraciət etməyə ehtiyac qalmır. Son zamanlar müştəri yönümlü kommunikasiya davranışlarına görə, markalar belə böhranların, krizin yerində aradan qaldırılmasından yanadırlar".
Sevinc İBRAHİMZADƏ