Azərbaycanda şəhərlərarası gəmi ilə sərnişindaşıma niyə yoxdur? - AÇIQLAMA
Azərbaycanda şəhərlərarası gəmi ilə sərnişindaşıma fəaliyyəti yoxdur. Yəni insanlar Bakıdan Lənkərana və ya digər Xəzər sahili rayonlara gəmi ilə səyahət edə bilmirlər.
Bəs ölkədə niyə liman şəhər infrastrukturu yaradılmır? Bu yaradılsa, iqtisadiyyatımıza necə təsir edərdi?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşdü.
O bildirdi ki, su nəqliyyatında sərnişin daşımaçılığı infrastrukturun olmadığı şəraitdə çox çətin bir prosesdir:
"Bu, kənardan sadə görünə bilər, amma kifayət qədər investisiya yatırılmasını tələb edir. Hazırda paytaxtdan Lənkəran istiqamətinə avtomobillə gediş-gəliş həm iqtisadi cəhətdən, həm zaman baxımından daha sərfəli olduğu üçün, düşünürəm ki, dənizlə hərəkətə ehtiyac yoxdur. Çünki istər yükdaşıması, istər sərnişin daşımaçılığında əsas iqtisadi faktor iqtisadi rentabellikdir. Belə bir şəraitdə fikrimcə, ölkədə gəmi daşımaçılığının olmaması kimsədə təəccüb doğurmamalıdır. Ona görə ki, həm də infrastrukturun olmaması bunu labüd edir".
Eldəniz Əmirov hesab edir ki, hazırkı vəziyyətdə gəmi ilə sərnişindaşımasına ehtiyac yoxdur:
"Çünki bu, böyük vəsait tələb edir və qoyulmuş vəsaitin geri qaytarılması üçün bəlkə də 50 ildən çox zaman lazımdır".
Sevinc İBRAHİMZADƏ