Qarabağda torpaqlar sakinlərə hansı səbəbdən icarəyə veriləcək? - Deputatlar: "İş yerləri, bolluq və ucuzluq olacaq"

 16:15 16.10.2024     444

Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək. Bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı layihədə öz əksini tapıb.

Bəs bu güzəştlər nədən ibarətdir? Torpaqların icarəyə verilməsi həmin regionların sosial-iqtisadi inkişafına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev bildirdi ki, işğaldan azad olunan ərazilərlə bağlı “Torpaqların icarəsi haqqında” qanuna edilən dəyişiklik son deyil:

"Bu dəyişikliklər gələcəkdə də torpaq islahatının predmeti ola biləcək. Həmçinin dövlət mülkiyyətində saxlanılacaq torpaqların müyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktur yaradılması (suvarma, meliorasiya, elektrik və s.) vacibdir və işlər aparılır. 

Bundan sonrakı mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Deputatın sözlərinə görə, təklif olunan dəyişikliklər bir tərəfdən işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi, həmin ərazilərdə daha səmərəli və innovativ istehsal üsullarının tətbiq edilməsi, digər tərəfdən isə orada məskunlaşan əhalinin məşğulluğunun təmin edilməsi, onlara sosial dəstək göstərilməsi üçün həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin ümumi qaydalardan fərqli qaydasını təsbit edir:

"Amma bu fərqli qaydalar gələcəkdə dəyişə də bilər. Məqsəd işğal olunmuş ərazilərə qayıdan əhalinin məşğulluğunun təmin olunmasıdır. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi investisiya müsabiqələri vasitəsilə həyata keçiriləcək. Burada məqsəd işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyatımıza inteqrasiya edilməsi, məşğulluğun və məhsul bolluğunun yaradılmasıdır.

İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbələrdə sakinlərə 6 sot həyətyanı sahə verilir. Bu isə sadəcə az sayda toyuq-cücə saxlamağa bəs edir. Onun üçün də ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə, yaxın kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə verilməsi həyata keçiriləcəkdir".

Razi Nurullayev qanunun müddəalarının necə həyata keçiriləcəyi barədə qeyd etdi ki, qanun layihəsinin müddəalarının icra mexanizmi onun qəbulundan sonra səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunacaq qaydalarla müəyyən ediləcək.

Məsələ ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov da fikirlərini bildirdi ki, "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişikliklər ilk növbədə öz doğma yurdlarına qayıdacaq insanların həmin torpaqlarda fəaliyyət göstərməsi, çalışması üçün imkan yaradacaq:

"Bu vaxtacan düşündürən məsələlərdən biri o idi ki, kəndlərə qayıdan insanların işləməsi, onlara torpaqların verilməsi üçün şərait yaradılmalıdır. Məhz bu dəyişiklik də onu nəzərdə tutur. Yəni Qarabağ və Şərqi Zəngəzura qayıdacaq insanlar həmin qəsəbələrin ətrafındakı torpaqları güzəştli şərtlərlə icarəyə götürüb kənd təsərrüfatı məhsulları istehsal edə biləcəklər. Təbii ki, bu, ilk növbədə iş yerlərinin yaradılmasına dəstəkdir".

Deputatın sözlərinə görə, sözügedən dəyişiklik həm də uzun illər dövriyyədən çıxmış torpaqların yenidən dövriyyəyə qayıtması prosesini sürətləndirəcək:

"Torpaqların dövriyyəyə qayıtması kənd təsərrüfatı məhsullarının istehsalını artıracaq və ümumilikdə ölkənin ərzaqla təmin olunmasında işğaldan azad olunmuş ərazilərin rolunu artacaqdır. Bu həm də aqrar məhsulların bolluğunu yaradaraq kənd təsərrüfatı məhsullarının qiymətlərinin nizamlanmasında və qiymət artımlarının qarşısının alınmasında xüsusi bir rol oynayacaq. Beləliklə, ölkənin ixrac qabiliyyəti artacaq".

Bəs nə üçün həmin torpaqları sakinlərə pay torpağı olaraq verilmir?

Buna cavab olaraq Azər Badamov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlər tam şəkildə məskunlaşmamış torpaq islahatı aparmaq qeyri-mümkündür:

"Əgər indidən torpaq islahatı aparılsa, bu, ədalətsizlik olar. Həmin ərazilərdə bələdiyyələr yaradılmalıdır. Torpağın mülkiyyət formaları müəyyənləşdirilməlidir ki, bələdiyyə torpaqları hansı olacaq, özəl mülkiyyətə verilən torpaqlar hansı olacaq və hansı torpaqlar dövlət mülkiyyətində qalacaq? Torpaq islahatı aparılması üçün məskunlaşma başa çatmalıdır. Torpağın icarəyə verilməsi ilə bağlı qanunda olunan dəyişiklik də torpaq islahatı aparılana qədər həmin torpaqlardan istifadə edilməsinə imkan yaradacaq".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviqi" mövzusunda dərc olunub.

2