"Hətta orada it əti də versələr, insanlar saatlarla növbədə dururlar"

 14:28 16.10.2024     277

Bakıda bəzi restoranlarda öncədən rezervasiya xidməti yoxdur. Müştəri restorana çatdıqda əgər içəridə yer yoxdursa, qapıdakı işçi müştərilərin bir-bir adlarını qeyd edib əlindəki siyahıya yazır. Beləliklə, həmin restorana girmək üçün saatlarla gözləməli olursan ki, nə vaxtsa, vaxt-vədə yetişəcək, növbə sənə də çatacaq.

Maraqlıdır, bütün restoranlarda öncədən rezervasiya xidməti olmalıdırmı? Bu cür qapıda siyahıyaalma siyasəti həmin məkanın müştərilərini qaçıra bilərmi?

Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, illər öncə restoranlarda bu problem olmayıb, lakin tələb təklifi üstələdiyindən restoranlar məcbur olub belə bir yola əl atıblar:

"Mən bir turizm həvəskarı kimi ölkənin regionlarına gedirəm. Misal üçün, şimal zonasında tələb təklifi o qədər keçib ki, nəinki rezervasiya, hətta orada it əti də versələr, insanlar saatlarla növbədə dururlar. Qanun bunu qadağan etmir. Ona görə də tələb bolluğu nəticəsində restoranlar daha radikal yollara əl atırlar: servis haqqı vermək, feyskontrol, üzü dənizə tərəf oturmaq üçün artıq ödəniş, bir çay üçün 50 manat qiymət və s. Bütün bunlar tələbin təklifi üstələməsindən irəli gəlir. İnsanların restoranda yemək yeməyə meyilləri artıq bu vəziyyəti yaradıb".

Eyyub Hüseynov müşahidələrinə əsasən qeyd etdi ki, artıq regionlarda istirahət etmək üçün otellər pulun 50 faizinin öncədən karta köçrülməsini tələb edirlər. "Bu da yenə tələbin təklifi üstələməsinin nümunəsidir", - deyə o qeyd etdi.

Sevinc İBRAHİMZADƏ