Millət vəkili kütləvi zəhərlənmələrdən DANIŞDI

 17:11 16.10.2024     358

Təkcə bu ayı yarılayanadək Azərbaycanda xeyli sayda zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənmələrin əksəriyyəti də, demək olar ki, dönərdən qaynaqlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə paytaxtdakı və regiondakı bütün dönərxanalara nəzarət etdiyini bildirir. Əgər nəzarət də varsa, kütləvi zəhərlənmələr nədən yaranır?

Mövzu ilə əlaqədar millət vəkili Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, AQTA zəhərlənmə məsələsinə çox ciddi diqqət yetirir, bu sahədə olan problemləri ortadan qaldırmağa çalışır:

"Amma ictimai iaşə sektorunda belə narahatçılıqlar var. Xüsusilə də qida məhsullarını daha ucuz qiymətə almaq xatirinə bir sıra zərərli məhsulların istifadə olması təhlükə yaradır. Söhbət vaxtı keçmiş məhsullardan, təyinatı üzrə olmayan ətlərdən gedir.

Məncə, qurum öz işini çox yaxşı bilir və bu istiqamətdə də ciddi şəkildə fəaliyyət göstərir. Hər belə faktlar meydana çıxdıqca, bunun bir ənənəyə çevrilməməsi, yayılmaması üçün ciddi işlər görülməlidir və bu zəhərlənmə hallarına yol verən qurumlar lazımi səviyyədə cəzalandırılmalıdır. Çünki başqaları da bilməlidir ki, insan səhhətindən dəyərli heç kim yoxdur".

Sevinc İBRAHİMZADƏ