"Bu qanundan sonra elektrikli avtomobillərə keçid daha sürətli olacaq" - Deputat

 17:47 16.10.2024     333

Elektriklə çalışan avtomobillərin sayının artırılması ətraf-mühitin qorunması ilə yanaşı, sahibkarları yeni layihəyə təşviq edəcək.

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Prezident İlham Əliyevin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin 3 ildən 5 ilə kimi artırılması ilə bağlı qanunu təsdiqləməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, elektriklə çalışan avtomobillərin sayının artırılması və elektrikli avtomobillərə olan tələbatın qarşılanması üçün bir sıra tədbirlər həyata keçirilir:

"Həm bu cür avtomobillər ölkəyə gətirilərkən əlavə rüsumlardan azad olunub, eyni zamanda məhz yanacaqdoldurma məntəqələrində idxal və satışın ƏDV dən azad olunması da üç ildən beş ilə kimi artırılıb ki, bu da nəticə etibarilə məhz bu cür yanacaqdoldurma məntəqələrinin quraşdırılması, sayının artırılması və əlçatan olmasına təşviqlə əlaqədardır. Bildiyiniz kimi elektrikli avtomobillər istifadə olunan zaman digər benzin və dizellə işləyən avtomobillərdən fərqli olaraq havaya zəhərli qazlar buraxılmır. Nəticə etibarilə biz ətraf-mühitin qorunmasına xidmət etmiş oluruq.

Eyni zamanda məhz elektrikli avtomobillərdən istifadə vətəndaşların da xərclərini kifayət qədər azaltmış olur. Bu da vətəndaşlar üçün də çox faydalıdır. Bu baxımdan da elektrikli avtomobillərdən istifadəni təşviq etmək və elektrikli avtomobilə mərhələli şəkildə keçidi təmin etmək üçün bu tədbirlər həyata keçirilir. Mən düşünürəm ki, biz yaxın illərdə elektrikli avtomobillərin enerjidoldurma məntəqələrinin sayını kifayət qədər artıra bilsək, elektrikli avtomobillərə keçid prosesi daha sürətlə həyata keçirilmiş olar. Çünki elektrikli avtomobillərdən istifadə zamanı ən çox qarşılaşdığımız problem məhz enerjidoldurma məntəqələrinin az olmasıdır. Bu baxımdan da, mən düşünürəm ki, qanuna edilmiş dəyişiklik bu problemin aradan qaldırılmasına çox böyük bir töhfə olacaqdır və sahibkarları məhz enerjidoldurma məntəqələrinin quraşdırılması, sayının artırılması kimi layihələrə təşviq edəcəkdir".

Türkan İSGƏNDƏRLİ