Azərbaycanda insanlar bu cihazları alıb öz məhəllələrində quraşdıracaqlar - AÇIQLAMA

 17:37 16.10.2024     237

Prezident İlham Əliyev elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin 3 ildən 5 ilə kimi artırılması ilə bağlı qanunu təsdiqləyib.

Ölkəmizə bu növ avtomobillərin və enerji doldurucularının idxalı özüylə başqa hansı yenilik və üstünlükləri gətirəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, insanlar elektrikdoldurma cihazlarını öz məhəllələrində quraşdıra bilərlər:

"Bu öz-özlüyündə bir üstünlükdür. Əlbəttə ki, elektrik avtomobillərə maraq get-gedə artır və insanlar yeni avtomobil alarkən daha çox bu avtomobillər üzərində dayanırlar. Amma elektrikdoldurma məsələlərində çətinlik çəkirlər. Ona görə bu sistemin daha da təkmilləşməsi üçün qiymətlərə baxmaq lazımdır. Qiymətlərə baxacağıqsa, insanların da marağı artacaq".

Ekspert qeyd etdi ki, əsas problem elektrikdoldurma stansiyalarının sayındadır. 

"İndi bu imkanlar onu yaradır ki, vətəndaşlar, insanlar fərdi olaraq bu stansiyaları, elektrikdoldurma cihazlarını alıb öz məhəllələrində, küçələrində quraşdırsın. Hətta bəzi ölkələrdə vətəndaşlara elə güzəştlər tətbiq olunur ki, vətəndaşlar buna çox böyük maraq göstərir. Məsəl üçün, deyək ki, bu cihazın biri 1500 manata başa gəlir, 1000 manatı dövlət özü ödəyir ki, vətəndaşa çox ağırlıq düşməsin. Amma bölgələrdə artıq başqa cür yanaşılmalıdır. Bölgələrdə bütün restoranlar, turizm mərkəzləri, istirahət mərkəzləri, otellər və bu kimi digər iaşə obyektləri, böyük supermarketlərinin həyətləri mütləq bunu təmin etməlidir. Mən düşünürəm ki, gələcəkdə bunu artıq bir tələb şəklində ortaya qoymaq lazımdır ki, insanlar bölgələrdə də bu əziyyəti çəkməsinlər. Cənab Prezident tərəfindən bu cür güzəştlərin tətbiq edilməsi onu deməyə əsas verir ki, bu obyektlər istəsələr, bunu çox rahat şəkildə əldə edə biləcəklər", - deyə E.Muradlı bildirdi.

Türkan İSGƏNDƏRLİ