“İçərişəhərə giriş Azərbaycan vətəndaşları üçün pullu olmalıdır ifadəsini işlətməmişəm" - Deputat

 22:05 16.10.2024     302

"Jurnalistin "İçərişəhərdə insanların və nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunur" sualına verdiyim cavablar təhrif olunduğu üçün insanlarda haqlı olaraq narahatçılıq doğurur. Mən müsahibədə “İçərişəhərə giriş Azərbaycan vətəndaşları üçün pullu olmalıdır” ifadəsini işlətməmişəm".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev özünün feysbuk hesabında yazıb.

"Bildirmişəm ki, bir çox ölkələrdə muzeylərə, parklara, tarixi-mədəni ərazilərə giriş pulludur. İçərişəhərə turistlərin və xarici qonaqların daha çox diqqət göstərdiklərini nəzərə alaraq giriş üçün pul ödənilməsini tədbiq etmək olar. ​​​​Xidmətlər hamı üçün əlçatan olmalıdır. Əsaslandırmışam ki, “İçərişəhərə hər gün saysız-hesabsız turist, xarici qonaq gəlir, tariximizlə, mədəniyyətimizlə, məişətimizlə yaxından tanış olurlar. Belə olan halda İçərişəhərdə sakitliyi təmin etmək, turistlərin rahatlığına imkan yaratmaq, onların Azərbaycanın bu unikal ərazisi ilə tanış olmaları üçün şəraiti təmin etmək vacib və əhəmiyyətlidir. Buna görə də İçərişəhərə maşınların buraxılması, burada nizam-intizamın bərpa edilməsi müsbət qarşılanmalıdır. Çünki İçərişəhərə gələnlər həm də milli-mənəvi dəyərlərimizə qiymət verirlər. İnsanların davranışı, gediş-gəliş, qonaqlara münasibət, demək olar ki, dəyərlərimizə yeni qiymətin ifadəsi ola bilər”. ​​Müsahibəmin əsas məğzi bu kəlimələrdən ibarətdir. ​“İçərişəhərə giriş pullu olacaq”? sualının müsahibədə başlıq kimi verilməsi görünür bir çox sualla nidanı ayrıd etməyənləri çaşdırmış və onlar mətni tam oxumadan tənqid, təhqir yolunu seçmişlər. Çox təəssüf edirəm. İnsan olan, özünə hörmət qoyan kəs kiminsə yalanına, şərinə şərik olmamalıdır, gözü ilə gördüyünə inanıb fikir bildirməlidir", - deyə deputat qeyd edib.

T.İSMAYIL