"WhatsApp" profili oğurlanan şəxs DANIŞDI - Özümüzü necə qoruyaq?

 14:18 17.10.2024     374

Artıq kiberdələduzluq "WhatsApp"a da yoluxub və ciddi problemlərə yol açır. İstifadəçilərin hesabları oğurlanır və kontaktdakılardan həmin şəxsin adından pul istənilir.

Bununla bağlı yaxın zamanda "WhatsApp" profili oğurlanan Ülkər Eyvazlı Redaktor.az-a şikayətini bildirdi.

O qeyd etdi ki, heç bir linkə daxil olmayıb:

"Sadəcə olaraq mənə "WhatsApp"da tez-tez xarici ölkə nömrələrindən "salam, necəsən?" tipli mesajlar gəlirdi. Açıb baxırdım, amma heç vaxt həmin mesajları cavablamamışam. Bilmirəm necə olubsa, mənim adımdan kontaktımdakılardan pul istənilib. Bu barədə həmin şəxslərdən biri zəng edib soruşanda xəbərim oldu. O zaman başa düşdüm ki, "WhatsApp" profilim artıq əldən gedib. Tətbiqə girmək istədim, gördüm alınmır. Mən nömrəmi yazıram, ancaq təsdiq kodu mənə gəlmir və başqa bir telefona yönlədirilib. Bunun necə baş verdiyi ilə bağlı heç bir fikrim yoxdur. Mən də, pul göndərən şəxslər də polisə müraciət etdik. Polisdən bildirildi ki, kart Qazaxıstana aid olduğu üçün heç nə edə bilmərik".

Bu hallar digər sosial media platformalarında dəfələrlə baş verib. Lakin "WhatsApp" təhlükəsizlik baxımından çoxu üçün ən etibarlı platformadır. Hazırda kiberdələduzların asanlıqla bu tətbiq üzərindən kontaktdakı şəxslərin inamından sui-istifadə etməsi olduqca böyük fəsadlara səbəb ola bilər.  

Bəs "WhatsApp" hesabımızı necə qoruyaq? Bunun üçün hansı əlavə təhlükəsizlik tədbirlərindən istifadə edə bilərik?

Mövzu ilə əlaqədar İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Redaktor.az-a açıqlamasında bu barədə danışdı.

O, müşahidələrinə əsasən bildirdi ki, hesabların oğurlanmasına səbəbin böyük qismi bəzi istifadəçilərin məlumatsız olması ,bəzilərinin isə səhlənkar və məsuliyyətsiz olmasıdır:

"Əslində, bütün bu problemlərin yeganə həlli maariflənmək və maarifləndirməkdir. Təhlükəsizliyin ən zəif həlqəsi hər zaman sadə istifadəçilər olmuşdur. Maarifləndirmək məqsədi ilə bəzi məqamları istifadəçilər ilə bölüşmək olar:

1. Hesabınıza daxil olmaq istədikdə telefon nömrənizə göndərilən doğrulama kodunu başqaları ilə paylaşmayın.

2. "WhatsApp"da iki faktorlu autentifikasiyanı aktiv edin. Bu, hesabınıza daxil olmaq üçün əlavə PIN tələb edəcək. Başqalarının hesabınızı əldə etməsi çətinləşəcək.

3. "WhatsApp"ın "Linked Devices" bölməsində, hesabınıza daxil olan bütün aktiv sessiyaları yoxlayın. Tanış olmayan bir sessiya varsa, onu bağlayın.

4. Sizə göndərilən linklərin üzərinə vurmadan əvvəl diqqətlə yoxlayın. Şübhəli olarsa, şirnikləşdirici və qorxuducu məlumata sahib linklər olarsa, üzərinə vurmayın.

5. Tanımadığınız insanlar sizdən pul və ya şəxsi məlumat istəyirsə, bu şəxsləri bloklayın.

6. "WhatsApp" hesabınızın bağlı olduğu e-poçtun parolunu müntəzəm olaraq dəyişin.

7. "WhatsApp" aplikasiyasını müntəzəm olaraq "update" (proqram versiyasının yenilənməsi) edin.

8. Telefonunza istehsalçının tövsiyə etdiyi antivirus proqramını aktiv edin və daimi olaraq yeniləyin".

Mütəxəssisin sözlərinə görə, bu məqamları digər aplikasiyalara da ait etmək mümkündür:

"Ümid edirəm, istifadəçilər bu sadə qaydaları hər zaman minimum olaraq nəzərə alacaqlar. Belə olan halda özlərini bir çox risklərdən qoruya biləcəklər".

Sevinc İBRAHİMZADƏ