"Toyuq oğrusunu tutub cəzalandırırlar, mənəviyyatımızı bu günə qoyanlara heç bir söz demirlər" - Şeyx Əbdül

 17:50 17.10.2024     567

"Bu gün də "söz"ə heç kəs qiymət vermir, hörmət qoymur. Halbuki söz müqəddəs olmalıdır. Hər şey sözlə qurulub, ünsiyyət sözlə yaradılıb. Əgər müqəddəs sözə bu gün əhəmiyyət verən yoxdursa, bizim danışmağımızın da heç bir mənası yoxdur".

Bu fikirləri Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Redaktor.az-a açıqlamasında söylədi.

O, televiziyalarımızın vəziyyətindən gileyləndi və bütün günahı xalqda gördü:

"Televiziyalarımızda olan nöqsanların günahını xalqımızda görürəm. Çünki son söz xalqın olmalıdır. Fərdi şəkildə təyin olunmuş müəyyən vəzifələr, aidiyyəti idarələr, strukturlar var, ancaq bunlar heç bir iş görmür, hamısı şəxsi maraqlarına xidmət edirlər. Kor da bilir, balıq şordur. Ona görə də ictimai təşkilatlardan, rəsmi dövlət strukturlarından heç nə gözləmirəm. Ümumi xalq bir araya gəlməlidir, birliyimiz bərpa olunmalıdır. Xalq öz tarixi ilə, milli-mənəvi dəyərin, əxlaqın, milli ideologiyanın təbliğatı, namusun, qeyrətin qorunması ilə ciddi surətdə məşğul olmalıdır. Mən ağa, sən ağa, bəs bu inəkləri kim sağa? Hər kəs yaxasını çəkir kənara, gözləyirlər ki, Şeyx nə deyəcək? Rəşid müəllim nə deyəcək? Ancaq biz müəllimlərin deməyi ilə də heç bir şey əmələ gəlmir".

Xalq artisti əlaqədar təşkilatlara, o cümlədən də daha yuxarı rəsmi dövlət strukturlarına müraciət etdi:

"Xahiş edirəm, milli mənəvi dəyərlərimizlə bağlı bizə təsir edəcək hər hansı bir pis, ziyanəvər şey ciddi surətdə qanun səviyyəsində cəzalandırılsın. Yer yiyəsiz olanda donuz təpəyə çıxır. Heç bir cinayət - istər maddi, istər ideoloji, istər siyasi, istər iqtisadi cinayət cəzasız qalmamalıdır. Nəyə görə toyuq oğrusunu tutub cəzalandırırlar, mənəviyyatımızı bu günə qoyanlara heç bir söz demirlər?

Çox xahiş edirəm ki, milli-mənəvi dəyərlərimiz, əxlaqımız, mənəviyyatımız, təbliğatımız, ideologiyamız, bütün maddi-mədəniyyət nümunələrinin qorunması, müqəddəs sayılması üçün qanunlarımızda çox ciddi cəzalar təyin olunsun.

Təzə seçilən deputatlardan da müraciət edib xahiş edirəm, çoxusunu tanıyıram. Halal yolla seçilənləri təbrik edirəm. Haram yolla seçilənlər isə heç olmasa, günahlarını yumaq üçün mənim təklif elədiyim ideyaya münasibət bildirsinlər".

Sevinc İBRAHİMZADƏ