"İndi bayramı biz ermənilərlə birgə qeyd edirdik” - Zahid Oruc

 12:03 18.10.2024     80

"Xalqımız 8 noyabr Zəfər, 20 sentyabr Suverenlik gününə qədər 1991-ci ildə qazandığı müstəqilliyi öz təqvimində qara haşiyənin işğalı altında qeyd edirdi. 2024-cü ilin 18 oktyabrı əsla 33 il əvvəlki tarix deyil, parlaq Vətən müharibəsinin nəticəsidir. Yulian təqvimini qalibiyyətləri ilə Roma imperiyasına bəxş edən Sezar kimi, ordu və xalqı ilə birlikdə İlham Əliyev də Azərbaycanın qələbələrini somvollaşdırdı, işğal keçmişindən, məğlubiyyət, soyqırım, köçkünlük əsrindən xilas olduğu yeni təqvim yaratdı".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında dedi.

"Müstəqilliyimizə 3 əsrlik tariximizdən baxsaq-xanlıqlar, çarizm, sovetlər və ondan sonrakı dövrdə azərbaycanlıların dövlət və millət varlığı həmişə Rusiya imperiyası və İrandan, ya da Cümhuriyyət qurucularının gedib yardım istədikləri vudro vilsonlardan asılı olub. 1-ci Pytordan sonra heç bir rus lideri erməniləri azərbaycanlılara qurban verməyib. İlham Əliyev 300 illik tarixin gedişini və hökmlərini dəyişdirdi, özünün dediyi kimi, qlobal layları tərpətdi. Qarabağı və Naxçıvanı xilas edən Nərimanov da, İranda azərbaycanlı davası aparan Bağırov da Azərbaycanı indiki qədər müstəqil edə bilməyib. Heydər Əliyev kursu xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu və biz indi 1991-ci ildəki oktyabrdan yox, 2020-ci ildən sonrakı yeni tarixdən danışırıq".

Millət vəkili qeyd etdi ki, 2024-cü ilin müstəqillik gününün ikinci əlaməti tarixdə ilk dəfə ermənilərin kompakt yaşadığı Xankəndindən etnik təmizləmə ilə deyil, könüllü getməsidir:

"Bir daha vurğulayırıq ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt monoetnik dövlət olmayacağıq. Əgər Sovetlər birliyi dağılanda ərazilərimiz işğal olunmasaydı, Dağlıq Qarabağ Muxtar vilayəti qalacaqdı və indi bayramı biz ermənilərlə birgə qeyd edirdik. 1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda mövcud idilər. Beləliklə, Azərbaycanın varlığı tarixində ilk dəfə millətimiz erməni muxtariyyatı və işğalı olmadan müstəqlliyini qeyd edir".

Zahid Orucun sözlərinə görə, indiki azadlığımızın 3-cü atributu 1991-ci ildə işğalı həyata keçirənlərin öz ədalət məhkəmələrini gözləmələridir. İkinci dünya müharibəsindən sonra, 75 ildə bu heç bir dövlətə ayrılıqda müyəssər olmayıb:

"Bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur. O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə Qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Pezeşkianın timsalında bir azərbaycanlını 80

namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 1905-1906-cı ilər, 1918-1920-ci illər savaşı, 1948 və 1988-ci ilin deportasiyası, ötən əsrin axırı və 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məzh Azərbaycandan asılıdır.

Böyük Qayıdışın və bütövlüyümüzün rəmzi olan yeni müstəqilliymiz əbədi və möhkəm olsun!"

Türkan İSGƏNDƏRLİ