"Bu nəqliyyat vasitələrinin sürücüləri 40 manat cərimələnə bilər" - Ekspert

 17:06 18.10.2024     294

Bəzən skuter istifadəçiləri avtomobillərə əks istiqamətdə hərəkət edirlər. Bu isə piyada keçidindəki insanlara birbaşa təhlükə yaradır. Çünki piyadalar həmin istiqamətdən hansısa nəqliyyat vasitəsinin gələcəyini düşünmürlər. Bəs skuter sürücüləri digər nəqliyyat vasitələrinin də olduğu yolda əks istiqamətdə hərəkət edə bilərlər? Bundan əlavə, skuterlərdə siqnalların quraşdırılması məcburi edilməlidirmi?

Redaktor.az-ın sualını nəqliyyat eksperti Rövşən Həsənov  cavablandırdı.

O bildirdi ki, bəzi motosikletlərə və skuterlərə dövlət nömrə nişanı verilmir və onlara nəzarət etmək çox çətindir:

"Yalnız vizual olaraq aşkar edildikdə Dövlət Yol Polisinin əməkdaşının yerində tədbir görmək imkanı olur. Bundan əlavə, skuterlərin üzərində mütləq siqnal mövcud olmalıdır. Həmin skuter və velosipedlər mütləq onlar üçün ayrılmış mövcud yollardan istifadə etməlidir. Artıq paytaxtımızın bəzi küçələrində bu yollar cizgilənib. Misal üçün, digər nəqliyyat vasitələri üçün sürət həddi və zolaqlar müəyyən edilib, eləcə də belə fərdi mobillik vasitələri velosiped zolaqlarında hərəkət edə bilərlər".

Nəqliyyat eksperti vurğuladı ki, həmin qayda pozuntusu yerində müəyyən edildiyi halda, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq olunur:

"Dövlət qeydiyyat nişanı olmadığı halda onlara nəzarət etmək yalnız və yalnız ictimai qınaqla həyata keçirilə bilər, yəni sosial mediada, infomasiya saytlarında, televiziyalarda və s.  ictimailəşdirmək məcburiyyəti yaranır. Əksər hallarda texniki baxımdan bu nəqliyyat vasitələri sürücülərinə nəzarət etmək mümkün deyil".

Sevinc İBRAHİMZADƏ