“Zəngilanın işğaldan azad olunması tarixi bir hadisədir” - Professor

 11:43 20.10.2024     299

“Əlbəttə, 44 günlük müharibəylə Azərbaycanın işğal altında olan bütün ərazilərinin erməni tapdağından azad olunması tarixi hadisədir. Bu, Azərbaycan xalqının yüz illik, min illik tarixində ən parlaq qələbələrindən biridir”

Bunu Redaktor.az-a açıqlamasında professor Qulu Məhərrəmli Zəngilanın işğaldan azad olunmasının ildönümü haqda danışarkən deyib.

Onun sözlərinə görə, rayonlar bir-bir işğaldan azad olunduqca, ölkəmizin ərazisi genişlənirdi:

“İnsanların ümidi artırdı, Azərbaycan Ordusuna, gücünə, qüdrətinə, aparılan siyasətə böyük bir ehtiram özünü göstərirdi. Əlbəttə, insanlar Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər azad olunduqca, sevinirdilər. Təbii ki, Şuşanın işğaldan azad olunması isə tarixi qələbədir. Yəni Amerika hərbi elitasının çox diqqətlə öyrəndiyi bir hərbi taktikadır və bu hərb tarixinə yazılan bir hadisədir”.

Q.Məhərrəmli Zəngilanın da azad edilməsinin çox parlaq bir səhifə olduğunu bildirib:

“Ona görə də o bölgədə doğulmuş, uşaqlığı orda keçmiş bir insan kimi mənim üçün də çox fərəhli günlər idi. Mən bu barədə çox danışmışam və hesab edirəm ki, ölkənin bütövləşməsi sistemində Zəngilanın işğaldan azad olunması həqiqətən tarixi hadisədir. İndi o şəhər günlərinin keçirilməsi   bizim yaddaşımızı bir daha təzələyir, o sevinci, duyğuları yenidən bizə yaşadır, diqqətimizi azad olunan torpaqlarda tikinti-quruculuq işlərinə yönəldir. O cümlədən Zəngilanda yeni tikintilərin, “Ağıllı kənd”in salınması, yolların çəkilməsi, nəqliyyat sisteminin işə düşməsi, infrastruktur sahəsində atılan addımların hamısı parlaq işlərdir. Təbii ki, bunlar aparıldıqca, biz vətəndaşı olduğumuz bir ölkənin özünə gəldiyini, ərazilərinin bütövləşdiyini, dünyanın diqqətini cəlb etdiyini görürük və buna bir vətəndaş kimi həddən artıq sevinirik”.

Vasif ƏLİHÜSEYN