Aztelekom-da növbəti baş direktor təyinatı nələr vəd edir?

 15:43 21.10.2024     374

Bir neçə gün öncə son 3 il ərzində Aztelekom-da 5 dəfə rəhbər dəyişikliyinin olmasını qeyd etmişdim.

Son 3 ildə sektorun, həm də ölkənin əsas təbii inhisar qurumuna rəhbərlik edənləri təqdim edirəm:

Suat Paşayev 2016-2021

Cabit Rəsulov 2021

Samir Məmmədov (nazir müavini, həvalə olunub) 2021

Klaus Müller 2021 - 2022

Elçin Niyazov 2022 - 2023

Tural Pirverdiyev 2023 - 2024

Həsən Ömərov 2024 - H/h

Artıq bir müddətdir ki, Həsən Ömərov Baş direktor olaraq fəaliyyətə başlayıb. O, bundan öncə bir müddət Baş direktorun müşaviri və rəhbər vəzifəsinin icraçısı olaraq çalışırdı.

Uzun müddət Zaqatala Telekommunikasiya Qovşağına rəhbərlik edib. Son 3 ildə "Aztelekom"da struktur islahatları çərçivəsində yaradılan Aztelekom-un “Şimal-Qərb Regional Filialı"na (Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonları daxildir) rəhbərlik edib.

Sektorda uzun müddət fəaliyyət göstərən və peşəkarlardan hesab olunur.

“Onlayn Azərbaycan” layihəsinin ən uğurlu nəticələri həm də bu Filiala məxsusdur.

Həsən müəllim hansı vəziyyətdə olan Aztelekom-a rəhbərlik edəcək və bu, nə qəqdər davam edəcək ?

Son 3 ildə Aztelekom-da kadr dəyişiklikləri çox olsa da əvvəlki illərə nisbətən qurumun dayanıqlığı, infrastrukturu, texniki-texnoloji və maliyyə təsərrüfat vəziyyəti müsbətə doğru dəyişib.

Qurum 85 milyonluq kreditdən imtina edərək özünün və Nazirliyin resurslarından istifadə edərək nəhəng bir layihəni icra edir və başa çatdırmaq üzrədir.

Aztelekom “Onlayn Azərbaycan” çərçivəsində milyonlarla müştəriyə sahib olan, bir çox xidmətlər təqdim edən, dövlətə məxsus olan nəhəng bir telekommunikasiya şəbəkəsinə sahib olub.

Qurum yalnız internet istifadəçiləri hesabına ayda 25 milyondan çox gəlir əldə edir.

Amma qurumun iki ciddi problemi də var.

Aztelekom “15 avqust” tarif çevrilişi etməklə ölkənin internet ictimaiyyətinin ciddi təpkiləri ilə üzləşib.

Xeyli sayda istifadəçilər internetdən imtinaya və “şərikli internet”dən istifadəyə məcbur olublar .

Aztelekom həm də “15 avqust” tarif tətbiqi nəticəsində Antiinhisar Dövlət Xidmətinin “kartel sövdələşməsi” və “vətəndaşların seçim hüququnu məhdudlaşdırması” ittihamı ilə üzləşib.

Aztelekom-u gözləyən daha bir problem isə uzun müddətdən bəri defakto mövcud olan Aztelekom/Baktelekom birləşməsinin hüquqi cəhətdən reallaşmasına Antiinhisarın icazə verməməsidir.

Bildiyim qədər bununla bağlı məhkəmə çəkişməsi indiyədk davam edir.

Əgər "15 avqust" tarif dəyişikliyinin qanunsuz olması ilə bağlı Antiinhisar araşdırmanın yekunu olaraq qərar qəbul etsə Aztelekom-un iki yolu qalır.

Ya vətəndaşlardan artıq toplanan pullar geri qaytarılmalı (yaxud növbəti aylıq ödənişlərdə əvəzlənməli), yaxud da Aztelekom-la Antiinhisar arasında növbəti məhkəmə çəkişməsi qaçılmaz olacaq.

Yəni Həsən müəllimi aylıq 25 milyon gəlirlərlə yanaşı, xeyli baş ağrısı da gözləyir.

Ümid edirəm regionlardakı vəziyyəti daha yaxşı dərk edən yeni Baş direktor regionlardakı internet istifadəçiləri üçün daha əlçatan tarif təqdim edəcək.

Belə olan halda isə biz də Aztelekom/Baktelekom birləşməsinə və ölkə üzrə vahid bir Aztelekom operatorunun yaradılmasına da dəstək verməyə hazırıq.

Yəni iki inhisarçı ilə baş döyüşdürməkdənsə elə birisi ilə "vuruşmaq" da maraqlarımıza uyğundur.

Həsən müəllimə uğurlar arzulayırıq !

İnanıram ki, problemlərin öhdəsindən gələ biləcək.

P.S. Hazırda Aztelekom-un yüksək tariflərini ödəməkdə gecikən, çətinlik çəkənlərə qarşı cərimələr təıtbiq edilir. Maraqlıdır ki pulsuz modem verilməsilə əsaslandırılan bu cərimələr Aztelekom-la istifadəçi arasında bağlanan müqavilədə də nəzərdə tutulub. İstifadəçilər də güman ki oxumadan müqaviləni imzalayıblar.

Biz hazırda TƏBİİ İNHİSAR SUBYEKTİ olan Aztelekom-un bu müqaviləsinə belə bir bəndin daxil edilməsinin nə dərəcədə qanuni olması, bu istiqamətdə məhkəmə çəkişməsinin perspektivlərilə bağlı hüquqşünaslar və vəkillərlə birgə məsləhtləşmələr aparırıq.

Osman GÜNDÜZ