Bakıda günlük evlər bahalaşıb - SƏBƏB

 17:09 21.10.2024     461

Bakıda günlük evlərin qiymətində artımlar müşahidə olunur. Bir çoxları sözügedən qiymət artımını ölkədə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqələndirir. 

Bəs əvvəlkinə nisbətən qiymətlərdə nə qədər artım var? Bu bahalaşma nə vaxtadək davam edəcək? 

Mövzu ilə əlaqədar əmlak agenti Mülkədar Rüstəmov Redaktor.az-a açıqlamasında bildirdi ki, günlük evlərin qiymətində adətən yaz-yay aylarında artımlar olur. Bundan başqa, Bakıda mötəbər tədbirlər keçiriləndə, xüsusilə Formula-1 ərəfələrində günlük ev bazarı daha aktiv olur:

"Müştərilər şəhərin mərkəzinə yaxın, o cümlədən, panorama baxımından Formula-1 yarışının keçiriləcəyi küçələrə daha yaxın, həmin yarışı görmək üçün əlverişli olan evlərə yarışı birbaşa izləmək üçün axın edirlər. Günlük evlərin qiymətində bahalaşma məhz həmin zamanlarda daha çox müşahidə olunur. Hazırda isə qiymət artımının COP29 tədbiri ilə əlaqəsi yoxdur. Çünki bu beynəlxalq tədbir üçün ölkəmizə gələcək qonaqlar xüsusilə otellərdə yerləşdiriləcək. Həmçinin dövlət tədbiri olduğu üçün onlar dövlət tərəfindən qarşılanılacaq".

Ekspertin sözlərinə görə, şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərində günlük ev kirayəsi ilə məşğul olan sahibkarlar var ki, onlar mənzil alıb təmir edirlər və hoteldən fərqli olaraq daha yüksək, komfortlu və şəraitli günlük evlər təklif edirlər:

"Hazırda bazardakı bahalaşmanın əsas səbəbi ölkəmizdə baş verən ümumi qiymət artımı ilə bağlıdır. Evlərin qiymətində 15-20 manat civarında artım mövcuddur. Məsələn, 50 manatlıq evlər artıq 65-70 manatdan təklif olunur. 70 manatlıq evlər 90-100 manatdan təklif olunur. Bu da sırf iqtisadi artımla bağlıdır ki, gəlir xərclərinə görə mənzil sahibləri qiyməti artırırlar. Bundan başqa, mənzil sahiblərinin vergi məsələlərinin də burada rolu var".

M.Rüstəmov regionlardakı günlük ev qiymətlərindən də danışdı. O qeyd etdi ki, bölgələrdəki günlük evlərə tələbat varsa da, nisbidir:

"Məsələn, Qusarda qış aylarına yaxın bildiyimiz qiymət artımının olması normaldır. Turistik bölgələrdə qiymət artımı hər zaman nəzərə çarpır. Amma adətən Bakıda turistlər, rayondan gələn qonaqlar və yaxud bəzi ailələr var ki, yaxınlarını, ailə üzvlərini paytaxtda xəstəxanaya gətirir deyə günlük evlərə ehtiyac duyurlar. Yəni günlük ev kirayəsi daha çox Bakıda inkişaf edib".

Sevinc İBRAHİMZADƏ