"Beş-altı saat aramsız yağış yağsa, Bakını sel yuyub aparar" - Deputat

 17:13 23.10.2024     362

Bakıya yağan güclü yağışlar fəsadlara, eləcə də insan itkisinə səbəb oldu. Xüsusilə "Sabunçu keçidi" kimi tanınan tunelin su ilə dolması görülən işlərə qarşı güvənləri sarsıtdı. Daşqın olmadığı haldan yağış nəticəsində Bakının bu vəziyyətə düşməsində günahkarlar kimdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev bildirdi ki, o cür ərazilər təxirəsalınmaz fəaliyyət, təmir-bərpa işləri tələb edir.

"Bakının su altında qalması yolların, tunellərin su ilə dolması və iki nəfərin də həyatını itirməsi ciddi problemdir. Bundan əvvəl də həmin əraziləri su bassa da, günlərlə su altında qalsa da, ölüm, tələfat olmamışdı. Görünür ki, vaxtında ciddi addımlar atılmayıb. Təbii ki, belə ərazilərin təmiri üçün milyardlarla vəsait tələb olunur. Amma ümumilikdə isə elə yerlər var ki, ora təxirəsalınmaz müdaxilə tələb edir. Məsələnin üstündən keçmək çox ciddi bir yanlışlıq olardı. Neçə illərdir ki, Bakının kanalizasiya və su problemi var. Bundan sonra atılacaq addımlar üçün gərək insanlar ölərdi? Niyə bu işlər layihələndirilən zaman təbii fəlakətlər nəzərə alınmır? Heç bu təbii fəlakət də deyil, yağışdır. Orada suların ötürülməsi üçün bir mexanizm yaradılmalı, motorlar qoyulmalı idi. Qoyulubsa da niyə işləmir?"

Deputatın sözlərinə görə, belə problemli yollar üçün aidiyyəti qurumlar xəbərdarlıq etməli, ya da hərəkəti məhdudlaşdırmalıdır.

"Bu, müəyyən məsuliyyətsizliklərdən xəbər verir. İşlərin tez bir zamanda görülməməsi məsələsi də var və onların bu məsələlərlə bağlı yəqin ki, israrlı cəhdləri də olmayıb. İndi burada ən ağrılı məsələlərdən biri də budur ki, deyək ki, yarım saat, bir saat güclü yağış yağıb, sonra normal şəkildə yağışlara döndü. Bəs beş-altı saat aramsız yağış yağsa, Bakını sel yuyub aparardı. Necə ola bilər ki, nəzərə alınmasın? İndi ümid edirəm ki, şəhərin də əskikləri, problemli tərəfləri göründü. Bununla bağlı yığışıb qərar vermək lazımdır. Təbii ki, indi yəqin ki, müəyyən işlər görüləcək. Amma bunun üçün də, hökumət tərəfindən də ciddi şəkildə vəsait ayrılmalıdır. İndi qarşımızda gələn ilin büdcəsi müzakirə olunacaq. Noyabr ayında bu məsələləri qaldıracağıq", - deyə Razi Nurullayev bildirdi.

Türkan İSGƏNDƏRLİ