"Bələdiyyələrin sayının azaldılması yerlərdə öz müsbət təsirini göstərəcək" - Millət vəkili

 18:02 23.10.2024     420

Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunacaq. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Bəs bu qaydalar bələdiyyələrin inkişafına necə təsir göstərəcək? Nağdsız bələdiyyə vergiləri regionlarda iqtisadi, sosial cəhətdən nəyi dəyişə biləcək?

Bu barədə deputat Vüqar İskəndərov  Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə uzun müddətdir dövlət büdcəsində və digər sahələrdə ödənişlər nağdsız formada həyata keçirilir. Bu da korrupsiyanın qarşısının alınmasında, vergi yığımında, ümumiyyətlə, iqtisadiyyatın hərtərəfli inkişafında çox önəmli rol oynayır:

"Bələdiyyələr də yerli özünüidarəetmə orqanı kimi, institut kimi bu sahəyə keçməli idi. Onsuz bədiyyələrdə yığımlarla, bələdiyyə vergiləri ilə bağlı və ümumiyyətlə bu sahədə kifayət qədər problemlərin mövcud olduğu hər birimizə aydındır. Hazırda bələdiyyələrin çevik idarəetmə sisteminin qurulması üçün onların sayının azaldılması ən önəmli inkişaf modellərindən biri hesab edilir və artıq parlamentdə bələdiyyələrin sayının kəskin surətdə azalması məsələsi öz həllini tapır. Düşünürük ki, bir çox bələdiyyələrin birləşməsi ilə yerlərdə idarəetmə sistemində çevik idarəetmə mərhələli şəkildə öz həllini tapacaq.

Təbii olaraq, yeni qanun şamil ediləndə bütün sahələrdə qısa da olsa durğunluq hiss olunur. Həmin sistemin adaptasiya olunması, bir çox sənədləşmə işləri, yeniliklər təbii olaraq bir az zaman alır. Amma bir müddət sonra bələdiyyələrin sayının azaldılması yerlərdə öz müsbət təsirini göstərəcək".

Vüqar İskəndərov qeyd etdi ki, "Nağdsız hesablaşmalar haqqında" qanun  ölkəmizin hərtərəfli inkişafında, iqtisadiyyatda, vergi sistemində, büdcə ilə bağlı olan məsələlərdə çox önəmli yer tutur. Millət vəkili əmindir ki, sözügedən qaydaların bələdiyyələrə də şamil edilməsi bu baxımdan öz müsbət təsirini göstərəcək:

"Regionlarda bələdiyyələrin idarəetmə sistemində nüfuzunun artırılması üçün bir çox alətlər də mövcuddur. Artıq yeni qanun üzərində işlənilir ki, bələdiyyələr həm də digər dövlət orqanlarından, donorlardan qrantlar da ala bilsinlər və özlərinin büdcələrinin formalaşdırılmasında, yerli idarəetmə sistemində, cəmiyyətin ikişafında bir institut kimi töhfələrini versinlər. Düşünürük ki, zaman-zaman bələdiyyələrin statusunu artırmaqla biz yerlərdə daha çox insanların idarəetmə sisteminə cəlb edilərək, bu sistemin bir hissəsi olduqlarını onlara hiss etdirərək idarəetmənin daha çevik, daha dinamik, daha şəffaf olmasını təmin etməliyik".

Sevinc İBRAHİMZADƏ