"Vəsaitlər nağd halda ödəniləndə xoşagəlməz hallar yaranırdı" - Komitə sədri

 18:03 23.10.2024     628

“Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək. Bu müddəa bələdiyyə vergilərinə də aid ediləcək.

Bəs bu qaydalar bələdiyyələrin inkişafına necə təsir göstərəcək?

Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a açıqlamasında bildirdi ki, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımların nağdsız qaydada həyata keçirilməsi əslində, şəffaflığın təmin olunması üçün çox vacibdir:

"Xeyli müddətdir ki, müəyyən ödənişlər, yığılan xidmət haqları nağdsız şəkildə həyata keçirilir və bu, tam həyata keçirilməlidir. Sözsüz, bu, bələdiyyələrin maliyyəsinin formalaşması, yüksəlməsi baxımından yaxşı haldır. Çünki bəzən bu vəsait əldən-ələ keçiriləndə, nağd halda ödəniləndə müəyyən xoşagəlməz hallar yaranırdı. Bir çox bələdiyyələrin müəyyən qaydada bu sahədə yol verdikləri nöqsanlara görə inzibati cəza alması buna sübutdur. Ona görə də bu, bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərə bilməz, bələdiyyə maliyyəsinin azaldılmasında özünü göstərməməlidir".

Komitə sədri qeyd etdi ki, bələdiyyələr yerli əhəmiyyətli sosial, iqtisadi məsələlərlə məşğul olurlar:

"Sözsüz, onlar vətəndaşlarla münasibətləri yaxşılaşdıraraq özlərinin əmlak, torpaq vergilərini vaxtında yığmalıdırlar. Müəyyən ödənişlər var ki, bu ödənişlərin yığılmasını təmin etməlidirlər və nəticədə kifayət qədər maliyyə vəsaiti əldə edərək yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həyata keçirməlidirlər. Bələdiyyə institutu ildən-ilə təkmilləşir, bələdiyyələrdə gedən müəyyən islahatlar, eləcə də mövcud qanunvericiliyə əlavə dəyişikliklərin edilməsi bir daha onu göstərir ki, dövlətin bələdiyyələrə diqqəti, qayğısı yüksəkdir. "Nağdsız hesablaşmalar haqqında" qanuna edilmiş bu dəyişikliklər də bilavasitə bunu göstərir".

Sevinc İBRAHİMZADƏ