"Bələdiyyələrlə bağlı həm qarayaxmalar, həm də narazılıqlar var" - Cavanşir Paşazadə
"Bələdiyyə ilə bağlı qanun qəbul olunandan sonra buna bağlı ödənişlərin də nağdsız formada köçürülməsi qərara alındı. Təbii ki, bu bələdiyyə üçün gələcəkdə mənbənin toplanması və açıq şəkildə bu mənbənin bilinməsi o deməkdir ki, köçürmə ilə bağlı hərənin öz sübutu olacaq və bələdiyyənin hesabına keçirilən vəsait bəlli olacaq".
Bunu Redaktor.az-a açıqlamasında deputat Cavanşir Paşazadə “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişikliklər barədə danışarkən deyib.
Onun sözlərinə görə, bələdiyyələrlə bağlı müəyyən qədər həm qarayaxmalar, həm də faktiki narazılıqlar çoxdur:
"Müəyyən təsərrüfatlarda ödənişlər olunur, işlər görülür, ancaq bələdiyyə hesabatında bunlar görünmür. Bu məsələlərin ortadan götürülməsi üçün bələdiyyələrdə nağdsız köçürülmələrin olması daha uyğundur və səmərəlidir. Çünki respublikada dünya standartlarına uyğun olaraq bizim həm ticarət mərkəzlərində, həm digər sahələrdə nağdsız köçürmələrin olması vacibdir, o baxımdan ki, hesabatda bilinir. Bələdiyyələr də bundan istifadə edəcək.
Bələdiyyə rəhbərliklərinin şəhərin təmizlənməsi və s. kimi görülən işləri göz qabağında olacaq və xərclədiyi vəsait də köçürmə ilə olduğu üçün doğru-düzgünlüyü bilinəcək. Bu bələdiyyələrin qərəzli və qərəzsiz bəzi məsələlərinə aydınlıq gətirəcək".
Sevinc İBRAHİMZADƏ