"Bəzi bələdiyyələr əllərində kağızlarla gəlib müəyyən köçürmələr alırdılar"
"Uzun müddətdir ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması istiqamətində tədbirlər atılır, bir çox dövlət qurumlarında bu istiqamətdə işlər görülür. Müəyyən sektorlar vardır ki, orada nağd hesablaşmalara vaxtilə icazə verirdilər. Bəzi qeyri hökumət təşkilatları da əvvəllər fəaliyyətlərində nağd ödənişlərə imkan verirdilər, sonradan qanunvericilik dəyişikliklər edəndən sonra nağdsız ödənişlər əsas prioritet götürüldü və bu, vətəndaş cəmiyyətinin özü üçün də yaxşı oldu. Bu baxımdan hesab edirəm ki, bələdiyyələrin də nağdsız formaya keçməsi çox vacib addımdır".
Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Redaktor.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə şəffaflığın hesabatlılığıdır. Çünki bu köçürmə yolu ilə edilən ödənişlərin hesabatı, uçotu çox ciddi aparılır:
"Eyni zamanda əhali də bəzi məsələlərdən bezmişdi. Bəzi bələdiyyələr əllərində kağızlarla gəlib müəyyən köçürmələr alırdılar. Sonra məlum olurdu ki, bu köçürmələr mənbəyinə getməyib. Həmin vətəndaşlarda müəyyən xidmətlərlə bağlı borclar yaranırdı və çox qarışıq bir vəziyyət yaranmışdı. Bu baxımdan atılan addım alqışa layiqdir. Çünki bütün dünya nağdsız ödəniş mexanizmi istifadə edir. Hesab edirəm ki, bunun nəticəsində bələdiyyələrin büdcəsi də kifayət qədər artacaq və bu büdcə artdıqda, sözsüz ki, bələdiyyələrin inkişafına təsir edəcək. Son dövrlər bələdiyyələrin inkişafı ilə bağlı artıq bəzi siqnallar alırıq ki, dövlət müəyyən addımlar atmağı nəzərdə tutur. Bu, müəyyən kiçik bələdiyyələrin birləşdirilməsi və digər məsələlərdir. Hesab edirəm ki, nağdsız hesablaşmaların da tətbiqi nəticəsində bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi irəliləyişlər əldə olunacaq".
Sevinc İBRAHİMZADƏ