Cərimələr avtomobilin qiymətinə görə təyin ediləcək? - AÇIQLAMA
Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə maşının qiymətindən asılı olmayaraq eyni məbləğdə cərimə tətbiq edilir.
Sürücülərin çoxu təklif edir ki, cərimələrin məbləği vətəndaşın istifadə etdiyi avtomobilin qiymətinə uyğun olaraq tətbiq edilsin.
Bəs cəriməni avtomobilin qiymətinə görə təyin etmək mümkündür?
Nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bu təklifi absurd adlandırdı:
"Tutaq ki, vətəndaşın bu gün sürdüyü maşının qiyməti 150 000 manatdır. Onu alıb 10 gün sürəndən sonra, hətta nəzəri cəhətdən qiymətində enmələr olur və qiymət dəyişir. Dünyanın heç bir yerində belə bir qanunvericilik yoxdur ki, bazar qiymətinə görə cərimələr tətbiq edilsin. Qanunvericilik belə tənzimlənmir. Konkret qaydalar və qayda pozuntuları var. İstər ucuz, istər bahalı maşın olsun, bu, fərdin törətdiyi inzibati xətadır, nəqliyyat vasitəsinin törətdiyi inzibati xəta deyil. Cərimələr nəqliyyat vasitəsinə yox, fərdlərə tətbiq olunur ki, o, yenidən belə xətalara yol verməsin".
Ekspert qaydaların bu cür dəyişməsinin əleyhinə olduğunu qeyd etdi:
"Birinin bahalı maşını var, amma hansısa yaxın adamına deyir ki, gəl bu maşını sür, filan yerə qədər gedib gələk. Bu, o demək deyil ki, onun idarə etdiyi dövrdə edilən cərimə maşının bahalığına-ucuzluğuna görə tətbiq edilməlidir. Bu, sadəcə insanların öz nöqteyi-nəzəri ilə məsələyə yanaşmasıdır. Amma mən bunun əleyhinəyəm".
Sevinc İBRAHİMZADƏ