Siyavuş Novruzov Bakıdakı subasmadan DANIŞDI: "Səs salmağa ehtiyac yoxdur"

 12:59 28.10.2024     420

Bir neçə gün əvvəl Bakıda müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar hətta iki nəfərin həlak olmasına səbəb oldu. Bu gün səhər saatlarından başlayan və 2-3 saat davam etdikdən sonra səngiyən yağışlı hava şəraiti isə artıq paytaxtın mərkəzi küçələrini "Venesiya"ya çevirib. 

Maraqlıdır ki, keçən dəfəki hadisələrdən sonra nə üçün şəhərdə yağışların yenidən fəsadlara səbəb olmaması üçün tədbirlər görülmür?

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Redaktor.az-a açıqlamasında bildirdi ki, hələ dünyada təbii fəlakətin qarşısını almaq üçün elə bir metod tapılmayıb:

"Ən inkişaf etmiş dövlətlərdən biri Yaponiyadır. Yaponiyada zəlzələ olanda, sunami qalxanda 37 min adam öldü və şəhərlər darmadağın oldu. Bu yaxınlarda Amerikada 15 nəfər sunami, sel nəticəsində həlak oldu. Rusiyanın şəhərlərinin böyük əksəriyyəti suyun altında qalmışdı. Bu proses iqlim dəyişikliyi ilə əlaqədar normadan artıq yağış düşəndə baş verir. Elə bununla bağlı da Azərbaycanda böyük bir toplantı keçiriləcək. Belə halların qarşısı alınmalıdır, hansı ki, havaya zəhərli qazlar buraxılır, ekologiya korlanır və dünyada bu cür hadisələr baş verir. Yəni bu, təbii hadisədir. Bunu hər hansı bir məsələ ilə əlaqələndirmək olmaz. Neçə dövləti misal çəkdim ki, sel, subasmalar zamanı hətta yüzlərlə insan həlak olub". 

Millət vəkili aidiyyəti qurumların kanalizasiya borularının köhnə olması ilə bağlı açıqlamasına da münasibət bildirdi:

"Burada küy qaldırmağa, səs salmağa ehtiyac yoxdur. Sadəcə normadan artıq olan sudur və kanalizasiya sistemləri bunları çatdıra bilmir. Norma üçün, məsələn, bir litr götürülüb, amma beş litr su gəlirsə, dörd litr də yığılıb qalır. Kanalizasiya sistemi isə bir gündə dəyişdirilə bilməz, on illərlə dəyişdirilir. Nə qədər yeni binalar tikilib, nə qədər əhalinin sayı artıb. Hər biri də tədricən öz qaydasına düşür. Yəni obyektiv və subyektiv səbəblər də var. Amma subyektiv səbəbi obyektiv səbəbdən qabağa keçirməyə ehtiyac yoxdur".

Sevinc İBRAHİMZADƏ