"Xeyli hadisə məmur məsuliyyətsizliyi ucbatından olur" - Deputat subasmadan DANIŞDI, təkliflər VERDİ

 15:48 28.10.2024     387

Paytaxt Bakı elə bir vəziyyətə gəlib çatıb ki, bir neçə saatlıq yağış belə bütün infrastrukturun çökməsinə səbəb ola bilir. Yollarda gölməçə yox, sözün əsl mənasında, göllər əmələ gəlir, nəqliyyat iflic vəziyyətinə düşür. Vətəndaşlarda belə bir düşüncə yaranır ki, bir neçə saatlıq yağan yağışlar hərəkətliliyi bu cür bloklayırsa, 2-3 gün dalbadal davam edən leysanlar şəhərdə salamat yer qoymayacaq.

Bəs nə üçün Bakı yollarının qeyri-sabit hava şəraitinə dözümü yoxdur?

Mövzu ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev Redaktor.az-a açıqlamasında bildirdi ki, yolların bu vəziyyətə düşməsinin birinci səbəbi məhz elə yağışdır, ikinci səbəb isə müəyyən qədər bizim sistemdə problemlərin olmasıdır:

"Kanalizasiya sistemi köhnəlib, digər sahələrdə problemlər var. Eyni zamanda şəhər yüklənib, evlərin də, əhalinin də sayı artıb. Bununla bağlı bir sıra işlər görülməlidir, kanalizasiya xətlərinə gələn sular nasos vasitəsilə dartılsın. Bu sahələrdə müəyyən boşluqlar var və onlar düzəlməlidir. Həmçinin yeri gəldi, gəlmədi, plansız tikililər var ki, bunlar da prosesə mane olur. Ən əsası odur ki, infrastruktur xeyli sahədə təzələnməlidir. Müvafiq sahələrdə çalışan adamlar daha məsuliyyətli olmalıdır".

Millət vəkili paytaxtın köçürülməsi məsələsindən də danışdı. O bildirdi ki, biz regionların inkişafı ilə bağlı fikirləşməliyik:

"Müəyyən sahələri regionlara göndərmək lazımdır. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi rayonlarda olmalıdır. Elm və Təhsil Nazirliyinin ayrı-ayrı bölmələri, universitetlərin bir qismi bölgələrdə olmalıdır. Eyni zamanda biz elə etməliyik ki, bölgələrin inkişafından ayrı olaq. Yəni yerli vergilər bölgənin büdcəsinə getməlidir. Çoxlu görüləcək işlər var ki, bunlar paytaxta axının qarşısını alır. Amma ən əsası odur ki, müvafiq struktura nəzarət edən adamlar yaxşı işləsinlər, məsuliyyətli olsunlar. Xeyli hadisə məmur məsuliyyətsizliyi ucbatından olur", - deyə Elşad Musayev vurğuladı.

Sevinc İBRAHİMZADƏ