Metronu da su basa bilər? - RƏSMİ AÇIQLAMA

 16:46 28.10.2024     496

Son günlərdə normadan artıq yağan yağışlar bir sıra fəsadlara səbəb olub. Paytaxtın müxtəlif ərazilərində subasmalar olub. Yollarda suyun səviyyəsinin xeyli qalxması, kanalizasiya sistemlərinin yaxşı işləməməsi nəqliyyatda da problemlər yaradıb. Hərçənd metro yeraltı nəqliyyat vasitəsi olsa da, yağışın törətdiyi çətinliklər buradan da yan keçmir.

Bəs maraqlıdır, davamlı yağan yağışlar zamanı metronu su basa bilərmi?

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında dedi ki, hava proqnozu haqqında məlumat, yəni güclü yağışın yağması, hətta leysan xarakterli olması barədə məlumat daxil olan kimi "Bakı Metropoliteni"ndə dərhal müvafiq tədbirlər görülür:

"Gecə yoxlamaları hər gün olur. Bununla belə, dərhal əlavə tapşırıqlar verilir və gecə növbəsində lazım olan bütün tədbirlər görülür. Əgər diqqət etmisinizsə, metro stansiyalarının bütün giriş keçidləri və digər istiqamətlərdə hər hansı bir problem yaşanmadı. Söhbət metropolitenin texniki zonalarından gedir. Bunun da əsas səbəbi odur ki, "Bakı Metropoliteni" müntəzəm olaraq giriş sahələrini, onların mailliyi və digər texniki xüsusiyyətlərinin normalar çərçivəsində olmasına xüsusi diqqət edir".

Mətbuat katibinin sözlərinə görə, bu və digər mənada leysanlar Bakı metrosunun infrastrukturuna təsir göstərə bilər:

"Müəyyən axıntılar ola bilər. Zamanla bu halları sərnişinlərimiz də müşahidə edirlər. Lakin vaxtında operativ tədbirlər görülür, dərhal həmin məsələlərin xüsusiyyəti müəyyən olunur və qarşısı alınır. Bu səbəbdən bundan əvvəlki yağıntılı günlər və eyni zamanda bugünkü yağıntıların da "Bakı Metropoliteninə" bu ana qədər hər hansı bir ciddi fəsadı olmayıb. Təbii ki, bu gün də artıq gecə saatlarında müvafiq tapşırıqlar verilib. Eyni zamanda hazırda hərəkətin təşkili olsa da, tunellərinin vəziyyəti nəzarət altında saxlanılır".

Sevinc İBRAHİMZADƏ