"Deyirlər ki, adımızı dəyişəndən sonra həyatımızda uğurlar baş verir" - Psixoloq UĞURLU addan DANIŞDI
Bu ilin yanvarın 1-dən indiyədək Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib. Belə ki, bu il doğulan 1 488 oğlan uşağına Uğur, 1 044 qız uşağına isə Zəhra adı verilib. Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub.
Maraqlıdır ki, 3 nəfər də övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib. Bir nəfər isə Əli adının "Nindza" adına dəyişdirilməsini istəyib.
Keçmiş vaxtlarda bir çox uşağa əndrabadi adlar qoyulub, hətta həmin şəxslərin adları artıq soyadlara belə çevrilib. Maraqlısı odur ki, müasir dövrün adamları adətən seriallarda eşitdikləri adları övladlarına qoymağa daha çox meylli olduğu halda, mənşəyi məlum olmayan adlarla bağlı müraciətlər absurd və gülünc səslənir.
Mövzuya dair Redaktor.az-a danışan psixoloq Tahiba Quliyeva dedi ki, ad seçimi insanların həyatında mühüm rol oynayır:
"Azərbaycanda dini inanclara görə, peyğəmbər, imam və s. dini şəxslərin adları üstünlük təşkil edir. Sanki insanlar bu adları qoymaqla övladlarını müqəddəsləşdirib qoruma altına alırlar. Bəzən də nənə-baba kimi ailə böyüklərinin adlarını yaşatmaq üçün uşaqlara bu adlar verilir. Ad seçimi bu cür olduqda bəzən ailələrdə söz-söhbətə də səbəb olur, kimsə öz övladına köhnəlmiş adlar qoymaq istəmir, öz seçdiyi adı qoymaq istəyir. Ümumiyyətlə, adın düzgün seçilməsi önəmlidir. Çünki bu, bir insanı ömür boyu xarakterizə edən, onunla doğmalaşan vasitə hesab olunur. Yanlış ad seçimi bullinq mənbəyi də ola bilər. Məsələn, "Kolxoz", "Traktor" kimi adlara rast gəlmişik. Bu kimi adlar insana hansı düşüncə ilə verilib? Bunu anlamaq çətindir. Məhz bu adı daşıyan insanlar adətən digərləri tərəfindən lağ mənbəyinə çevrilir".
Psixoloq qeyd etdi ki, xarici təlimlərin bəziləri adların insanların həyatında çox böyük rol oynadığını təsdiqləyir.
"Məsələn, əgər kiminsə adını yaşatmaq üçün ad qoyulursa və bu adın sahibi əgər xəstəlik, qəza, intihar və s. kimi çətin həyat keçiribsə, o zaman adı daşıyan şəxsdə də bu halların yaşanması rast gəlinəndir. Son dönəmlərdə ad dəyişməklə bağlı bir çox məlumatlar yayılıb. Bəzən insanlar valideynlərinin qoyduğu adı dəyişib, onlara ən uğurlu gələcək adı seçirlər. Təbii ki, bu da birmənalı qarşılanmır. Çünki burada elə bir düşüncə var ki, yeni adı numerologiyaya əsasən seçilir. Burada həmin adın hansı hərflərdən seçilsə, uğurlu ola biləcəyinin belə önəmi var. Bu, insanın bütün tale yollarına görə analiz olunur və ona uyğun qoyulur. Lakin addəyişmənin də digər bir tərəfi var ki, adətən öz adımızın karmasını yaşayırıq. Yəni artıq biz yaşadığımız dönəmdə adımızın çətinliklərini də, yaxşı tərəflərini də yaşamış oluruq və sonradan adımızı dəyişdikdə seçilən adın özünün də gətirəcəyi müsbət və mənfi tərəflər olur. Bəlkə də ad əgər çox keşməkeşlidirsə, o adı dəyişməkdə bir məna var. Ancaq addəyişmə də birmənalı qarşılanmır. Ona görə bu haqda tam dəqiq bir fikir formalaşmayıb. Deyirlər ki, adımızı dəyişəndən sonra həyatımızda uğurlar baş verir və s. Mən bunun yeni bir sistem olduğunu qeyd etmək istəyirəm. Ona görə nə qədər uğurlu ad olsa da, yenə də gətirdiyi müəyyən çətinlikləri mütləq ki olur", - deyə T.Quliyeva vurğuladı.
Psixoloqun fikrincə, uşağa yanlış adlar seçilibsə və böyüdükcə adına görə qınaq obyektinə çevrilirsə, bu adı dəyişməsində məntiq var:
"Çünki bəzi adların daşınmasının çox da uğurlu olmadığını hamı təsdiqləyər. Bu adları böyüdükdən sonra özü düşünərək dəyişməsində problem yoxdur".
Sevinc İBRAHİMZADƏ