"Sovetdən qalma kanalizasiyaların üstündə 25 mərtəbəli binalar tikirlər" - AÇIQLAMA
Paytaxt Bakıda xeyli yeni binalar tikilir, əhali məskunlaşır. Bütün bunların da kanalizasiya sisteminə də təsiri danılmazdır. Son günlərdə paytaxtda yağışdan sonra baş verən hadisələr kanalizasiya sistemlərinin ürəkaçan formada olmadığını sübut etdi.
Bəs bu cür problemlərin fonunda Bakıda yeni binaların tikintisi hansı formada həyata keçirilməlidir?
Bu barədə tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan Redaktor.az-a açıqlamasında söylədi ki, Bakıda hər gün yeni binalar tikilir, amma bu binaların infrastruktur məsələlərinə fikir verən yoxdur:
"Çünki binaları tikməzdən əvvəl infrastrukturun, şəhərsalma standartlarının Avropada necə olduğuna baxmaq lazımdır. İlk növbədə binaların tikilməsi, şəhərlərin salınması üçün infrastruktur layihələri hazırlanır. Buna uyğun olaraq kanalizasiya, elektrik qovşaqları və digər mexaniki məsələlər öz həllini tapır. Daha sonra isə təyin olunur ki, bu sahədə neçə bina tikmək olar və ona uyğun binalar tikilir, əhali məskunlaşdırılır. Əfsuslar olsun ki, bizdə sovet dövründən qalan kanalizasiyalardır, bunların da üstündə 25 mərtəbəli binaları dalabadal tikirlər. Heç kəs fikirləşmir ki, hamı köhnə kanalizasiyaya qoşulur. Nəticə etibarilə də yağışlar yağanda və digər hadisələr baş verəndə bu kimi problemlər yaşanır".
Memarın sözlərinə görə, eyni problem körpülərin salınmasında, tunellərin yaradılmasında da mövcuddur:
"Belə ki, son yağışların yağmasından biz artıq başa düşdük və gördük ki, layihələndirmə işləri təmir-tikinti standartlarına uyğun aparılsa da, yenə də infrastruktur və mexaniki layihələr, həmçinin onların hər hansı bir fəlakətə qarşı öncədən planlaşdırılmış şəkildə ehtiyat məsələlərinin heç biri nəzərə alınmayıb. Ona görə də kanalizasiyalar da dolur, motorlar vura bilmir. Suyu motorlarla tunellərdən çıxardırlar, amma onu vuracaq kanalizasiya yoxdur. Bütün bu problemlər hələ də həllini tapa bilmir".
Sevinc İBRAHİMZADƏ