Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa ÇIXARILIR

 17:00 29.10.2024     386

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər 30 oktyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə Redaktor.az-a AYNA-dan bildirilib.

Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1120 reys həyata keçirilib, 34981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.